• 25 İyun 2022
logo
“Digital Expo Center” layihəsi “TEKNOFEST Azərbaycan” Festivalında finala vəsiqə qazanıb

“Digital Expo Center” layihəsi “TEKNOFEST Azərbaycan” Festivalında finala vəsiqə qazanıb

Gənc developer Ağa Əlislamovun kapitanı olduği komandanın (üzvlər Anar Nəbiyev və Musa Musayev) “Digital Expo Center” layihəsi (https://digitalexpocenter.com) Azərbaycanın Rəqəmsal Nəqliyyat və İnkişaf Nazirliyi, Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı) və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında finala vəsiqə qazanıb. Qeyd edək ki, layihə festivalda sosialyönümlü texnologiyalar kateqoriyası üzrə təqdim edilib.
“Digital Expo Center” layihəsi müxtəlif sərgilərin rəqəmsal formatda keçirilməsi üçün nəzərdə tutulub. Layihədə tətbiqi nəzərdə tutulan "Unreal Engine 4" müasir oyun mühərriki üzərində hazırlanmış VR texnologiyasıdır. Layihənin əhəmiyyəti barədə məlumat verən Ağa Əlislamov qeyd edib ki, layihənin tətbiqi sayəsində yerli və xarici qonaqlar evdən çıxmadan, mobil telefon və ya kompüter vasitəsilə sərgini ziyarət edə bilərlər. Virtual sərginin binası Baku Expo Centerin modeli əsasında hazırlanıb və bura bir çox virtual stendlər yerləşdirilib. Sərgidə oyun tərtibatçıları, proqram təminatı hazırlayanlar, veb proqramçılar, 3D rəssam və dizaynerlər iştirak edə bilərlər. Virtual sərginin iştirakçıları virtual stendlərində video, slayd şou təqdimatı və 3D obyektlərin animasiyasını nümayiş etdirmək imkanına malikdirlər.
Rəqəmsal Nəqliyyat və İnkişaf Nazirliyindən bildirilib ki, Azərbaycan və Türkiyədən ümumilikdə 30 komanda final mərhələsinə vəsiqə qazanıb.