• 28 İyun 2022
logo
Azərbaycanda ilk dəfə İspaniya futbol akademiyasının filialı açılır

Azərbaycanda ilk dəfə İspaniya futbol akademiyasının filialı açılır

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə idmanın inkişafı geniş vüsət alıb. Ölkəmiz son illərdə idmanın inkişafı istiqamətində mühüm uğurlar qazanıb, idmançılarımız isə Azərbaycanı beynəlxalq idman yarışlarında layiqincə təmsil ediblər.

AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində Azərbaycan-İspaniya Ticarət və Mədəniyyət Assosiasiyasının (ACAE) prezidenti, ölkənin şimal bölgəsinin diaspor nümayəndəsi Fərid Mustafayev bildirib ki, Azərbaycan Prezidentinin idmana olan sonsuz qayğısını görərək bizdə milli idmanımızın inkişafına dəstək olmağı qarşıya məqsəd qoyduq. Belə ki, ACAE-nin təşkilati və maddi dəstəyi ilə Azərbaycanda ilk dəfə İspaniyanın tanınmış “Antiguoko Futbol Akademiyası”nın filialını açdıq. Bu məsuliyyətli və önəmli işdə Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənova göstərdiyi kömək və dəstəyə görə minnətdarlığımı bildirirəm.

“Antiguoko Futbol Akademiyası” İspaniya futboluna bir çox ulduz oyunçlar bəxş edib. Xabi Alonso, Mikel Arteta, Xavyer de Pedro və İurie Berçiçe də daxil olmaqla, “Real Sosyedad”, eləcə də digər komandalarda və İspaniya millisində oynamış bir sıra tanınmış futbolçular klubun yetirmələridilər. Xabi Alonso və Mikel Artetan transferlərindən komissiyalarını “Antiguoko”nın obyektlərinin yenilənməsinə yönəldiblər”, - deyə ACEA rəsmisi əlavə edib.

F.Mustafayev deyib: “Gələn həftə rəsmi açılışı nəzərdə tutulan akademiyanın Azərbaycan filialı ölkəmizin futboluna önəmli töhfə verəcək. Belə ki, Akademiyanın yeniyetmə futbolçuları mütəmadi olaraq İspaniyada “Antiguoko” klubunun xətti ilə təlim və yarışlarda iştirak edəcəklər. “Antiguoko” yeniyetmə futbolçular arasında Avropa və dünya çempionatlarını təşkil edən akademiyalardandır. Şübhəsiz ki, “Antiguoko”nun Azərbaycandakı yetirmələri də gələcəkdə bilavasitə bu yarışlara qatılacaqlar. Bizim növbəti planımız yeniyetmələrin futbol üzrə dünya birinciliyini Azərbaycanda təşkil etməkdir”.

Azərbaycanın Əməkdar məşqçisi, UEFA-nın “A” lisenziyalı məşqçisı Zamin Əsədullayev AZƏRTAC-a müsahibəsində İspaniya akademiyasının Azərbaycan filialının yaranma tarixindən danışıb. O bildirib ki, 2019-cu ildə ACAE prezidenti Fərid Mustafayevin dəvəti ilə İspaniyaya səfər edərək, “Atletiko Bilbao”nun direktoru Rafael Alkorta ilə görüşdüm və komandanın fəaliyyəti ilə tanış oldum. “Real Sosyedad”ın düşərgəsinə də baş çəkdim, akademiyanın iş prinsipi ilə maraqlandım. İspaniyanın futbol klublarının iş prinsipi ilə tanış olandan sonra bu modelin Azərbaycanda tətbiqi barədə məndə fikir yarandı. Təşəbbüskarı F.Mustafayev olan və Azərbaycanda “Sportour” futbol klubu ilə birgə fəaliyyət göstərəcək Azərbaycan filialının şüarı - “Hədəfimiz – Laliqadır”. Fəaliyyətimiz bu şuara uyğun qurulacaq.

Akademiyanın filialında ispan futbol modeli tətbiq ediləcək və Azərbaycanın istedadlı gənc futbolçularının “Antiguoko” vasitəsilə İspaniya klublarına çıxış imkanı yaradılacaq. Akademiyaya 5-15 yaşa qədər yeniyetmələr qəbul olunacaq.

Akademiyada məşqlərlə yanaşı, həftədə bir dəfə həm uşaqlar, həm də məşqçilər üçün ingilis dili kursları təşkil olunacaq. Bundan başqa məntiq və psixologiya ilə bağlı dərslər keçiriləcək. Bu dərslər ispan və digər xarici futbol klublarında tam rahatlıqla təmsil olunmalarına xidmət edəcək.