• 20 Aprel 2024
logo
Naxçıvanın Daxili işlər naziri Fazil Ələkbərov Dünya Şotokan Karate Federasiyasının 1-ci vitse-prezidenti seçilib

Naxçıvanın Daxili işlər naziri Fazil Ələkbərov Dünya Şotokan Karate Federasiyasının 1-ci vitse-prezidenti seçilib

Arpaçay Karate Klubunun prezidenti Yavər Hüseynov: “Karatenin Şotokan növü üzrə Dünya Kuboku ilk dəfə Azərbaycanda keçiriləcək”

Məlum olduğu kimi, bu yaxınlarda Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və Dünya Şotokan Federasiyasının (WSF) prezidenti Əsəd Dəlihəsənin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında (MR) səfərdə olublar. Həmin səfər çərçivəsində Dünya Şotokan Federasiyası (WSF) İdarə Heyəti üzvlərinin toplantısı keçirilib. İclasda qarşıda duran bir sıra məsələlər müzakirə olunub, WSF-nin İdarə Heyətinin yeni tərkibi elan edilib, eyni zamanda Azərbaycan idman ictimaiyyəti, karate-do idman növü ilə məşğul olanlar üçün mühüm qərarlar qəbul edilib və WSF-nin daha da məhsuldar fəaliyyəti üçün yeni təyinatlar olub.
Naxçıvanda keçirilən görüşülərin əsas məqamları və qəbul edilən qərarlarla bağlı Naxçıvandan yenicə qayıtmış Azərbaycan Milli Karate Federasiyasının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəsi, Arpaçay Karate Klubunun prezidenti Yavər Hüseynov məlumat verib.
Y.Hüseynovun sözlərinə görə, Azərbaycanın dünya idman arenasında nüfuzunun möhkəmlənməsi baxımından keçirilən görüşlər və nəticələri uğurlu olub: “Əvvəlcə məlumat verim ki, səfər çərçivəsində WSF-nin prezidenti Əsəd Dəlihəsənin rəhbərlik etdiyi nümayəndə heyəti və Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov tərəfindən bu günlərdə ölkəmizin hər yerində vəfatının 16-cı ildönümü qeyd edilən Ümummilli Liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi dərin ehtiramla yad edilib. Daha sonra qonaqlar Heydər Əliyev Muzeyini ziyarət edərək Ümummilli Liderimizin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıblar”.
Səfər çərçivəsində qonaqları müşayiət edən Y.Hüseynov bildirib ki, WSF-nin prezidenti Əsəd Dəlihəsən və federasiyanın idarə heyətinin üzvləri Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində yaradılan şəraitlə tanış olub, karateçilərin hazırladığı nümunəvi çıxışları izləyiblər. Eyni zamanda qonaqlar Duzdağ Fizioterapiya Mərkəzində olub, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini ziyarət ediblər.
Yavər Hüseynovun verdiyi məlumata görə, Naxçıvan Karate-do Federasiyasında keçirilən görüşdə federasiya sədri və Naxçıvan Muxtar Respublikasının Daxili işlər naziri Fazil Ələkbərov Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa diqqət və qayğısı, Milli Karate Federasiyasının fəaliyyəti nəticəsində Naxçıvanda da karate idman növünə marağın artmasından danışıb: “Azərbaycanın hər yerində müasir idman kompleksləri tikilib istifadəyə verilir, maddi-texniki baza möhkəmləndirilir. Peşəkar idmançıların yetişdirilməsi, bu sahədə qazanılan nailiyyətlərin ildən-ilə artması, beynəlxalq yarışlarda yüksək nəticələrin əldə olunması və ölkəmizin beynəlxalq yarışlara ev sahibliyi etməsi dövlətin bu sahəyə olan qayğısının nəticəsidir”.
Arpaçay Karate Klubunun prezidentinin sözlərinə görə, görüşdə iştirak edən WSF-nin və Tükiyə Cümhuriyyəti Karate Federasiyasının prezidenti Əsəd Dəlihəsən bu gün Azərbaycanda, eləcə də onun Naxçıvan MR-də karatenin inkişafı üçün hərtərəfli şəraitin yaradılmasından, müasir idman zallarının, komplekslərin olmasından və idmançıların bunlardan səmərəli istifadəsi nəticəsində bu gün Naxçıvan karateçilərinin beynəlxalq yarışlarda uğur əldə etməsindən bəhs edib. Ə.Dəlihəsən karate idman növünün 2020-ci il Tokio Olimpiya Oyunlarında rəsmi olaraq daxil edilməsinə toxunaraq, 2022-ci ildə isə keçiriləcək gənclər arasında olimpiadada karateyə geniş yer ayrılmasını WSF-nin uğuru hesab edib. O deyib ki, bu növün olimpiya oyunlarına daxil edilməsində Azərbaycan Milli Karate Federasiyasının da mühüm rolu olub. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov çıxışında Ulu Öndər Heydər Əliyevin idman siyasətindən və bu gün ölkəmizdə bu sahəyə göstərilən dövlət qayğısından danışıb. Yaşar Bəşirov deyib ki, karate təkcə paytaxtda yox, ölkəmizin regionlarında da geniş yayılıb. Bildirib ki, karatenin Naxçıvanda kütləvi hal alması üçün mühüm addımlar atılır: “Bunun nəticəsidir ki, Naxçıvan MR-də digər idman sahələri ilə yanaşı, karate idman növü də sürətlə inkişaf edir, naxçıvanlı idmançılar keçirilən bütün yarışlarda uğur qazanırlar”. Y.Bəşirov Milli Karate Federasiyası olaraq idmanın inkişafına göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova minnətdarlıq bildirib. Görüşdə iştirak edən Gürcüstan Karate Federasiyasının prezidenti Kaxa Basilia qeyd edib ki, hazırda Türkiyə və Azərbaycan karateçiləri dünyada liderdirlər.
Naxçıvanda keçirilən görüşlərin əsas məqamlarına toxunan Y.Hüseynovun sözlərinə görə, Dünya Şotokan Federasiyası (WSF) ilə Dünya Karate Federasiyası (WKF) arasında bir neçə ay davam məsləhətləşmə və müzakirələr nəticəsində cari ilin oktyabr ayında WSF-nin Dünya Karate Federasiyası (WKF) təşkilatında akkreditasiyası baş tutub. Bu ilin noyabrın əvvəlində isə Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XI Şotokan Avropa Çempionatının gedişində isə WSF İdarə Heyətinin yenidən formalaşdırılması üzrə növbəti toplantısının dekabrın 5-7-də Naxçıvanda keçirilməsi barədə qərar qəbul olunub: “Belə bir qərar qəbul olunmasında təbii ki, bu ilin mayında Naxçıvanda Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsinə həsr edilmiş karate üzrə beynəlxalq turnirin yüksək səviyyədə keçirilməsinin, Azərbaycanda, həmçinin Naxçıvanda karate idman növünə göstərilən böyük marağın, o cümlədən son zamanlar idmançılarımızın beynəlxalq yarışlarda uğurlu nəticələr əldə etmələrinin WSF rəhbərliyi tərəfindən qiymələndirilməsi böyük rol oynayıb”.
Dünya Şotokan Federasiyası (WSF) İdarə heyəti üzvlərinin Naxçıvanda keçirilən son toplantısı barədə məlumat verən Y.Hüseynov Azərbaycan karateçiləri üçün əlamətdar hesab edilən yeniliklərdən bəhs edib: “İclasda qarşıda duran bir sıra məsələlər müzakirə edilib, nüfuzlu beynəlxalq təşkilatın daha məhsuldar fəaliyyəti üçün yeni təyinatlar olub. Bu toplantı onunla əlamətdar olub ki, İdarə heyətinin yeni tərkibdə yığıncağı baş tutub. Dünya Şotokan Federasiyasının prezidenti və İdarə Heyətinin qərarına əsasən, Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədri Fazil Ələkbərov Dünya Şotokan Federasiyasının birinci vitse-prezidenti seçilib. Ümumiyyətlə, WSF-nin İdarə Heyətinin yeni tərkibinə daxil olublar: Dünya Şotokan Federasiyasının prezidenti: Əsəd Dəlihəsən, birinci vitse-prezident: Fazil Ələkbərov, vitse-prezidentlər: Yaşar Bəşirov, Kaxa Basiliya, Xeyrəddin Xəmirçi, baş katib: Ərcumənd Daşdəmir. Eyni zamanda toplantıda qəbul edilən mühüm qərarlar sırasında Arpaçay Karate Klubunun baş məşqçisi, beynəlxalq dərəcəli hakim Vüqar Kərimovun Dünya Şotokan Federasiyasının Azərbaycan üzrə rəsmi nümayəndəsi və təbliğat işlərini gücləndirmək məqsədi ilə Sənan Məhərrəmovun WSF-nin Media işləri katibi təyin olunması bizim üçün əlamətdar olub”.
Y.Hüseynov onu da qeyd edib ki, toplantı zamanı idmanın inkişafına göstərdiyi diqqət və qayğıya görə Naxçıvanın Daxili işlər naziri, Naxçıvan Karate-do Federasiyasının sədri Fazil Ələkbərov Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən medal və fəxri diplomla, Dünya Şotokan Federasiyası, Azərbaycan Milli Karate Federasiyası və Gürcüstan Karate Federasiyası tərəfindən isə fəxri diplomla təltif olunub. Eyni zamanda F.Ələkbərova WSF-nin və Azərbaycan Milli Karate Federasiyasının 6-cı Dan dərəcəsi təqdim edilib.
Arpaçay Karate Klubunun prezidenti Yavər Hüseynov Azərbaycan karate cameəsi üçün xoş xəbər hesab ediləcək daha bir mühüm hadisə barədə məlumat verib. Onun sözlərinə görə, WSF-nin prezidenti Əsəd Dəlihəsənin başçılıq etdiyi nümayəndə heyətinin Naxçıvana səfəri zamanı Naxçıvanda beynəlxalq yarışların keçirilməsi müzakirə edilib və müvafiq qərar qəbul edilib: “Dünya Şotokan Federasiyasının hər il mütəmadi olaraq təşkil edilən Karatenin Şotokan növü üzrə Dünya Kubokunun bu il Naxçıvanda (Azərbaycanda ilk dəfə olaraq) keçirilməsi barədə qərar qəbul edilib. Belə ki, bu mötəbər yarış 16-18 oktyabr 2020-ci il tarixlərində Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya Kompleksində keçiriləcək. Təxmini hesabalarımıza görə, Dünya Kuboku uğrunda 40-a yaxın ölkədən olan 1000-dən artıq idmançı mübarizə aparacaq”.
Sonda Yavər müəllim qeyd edib ki, yeni mərhələyə qədəm qoyan Dünya Şotokan Federasiyasının Asiyada 40 ölkə, Afrikada 48, Avropada isə 50 olmaqla 138 üzvü var, həmçinin Okeaniya və PanAmerika dövlətlərinin də WSF-yə üzv olması üzərində işlər gedir.