• 28 Mart 2024
logo
“Karate həyatımın ayrılmaz bir  hissəsinə çevrilib”

“Karate həyatımın ayrılmaz bir hissəsinə çevrilib”

Nihad İbadov: “Makedoniyada məşqçilərimiz bizdən çox razı qaldılar”

Bugünlərdə Makedoniyanın Skopya şəhərində Karate idman növü üzrə 11-ci Avropa çempionatı keçirilib. Bu yarışda Azərbaycan idmançıları da mübarizə aparıblar və göstərilən nəticəyə görə Azərbaycan qızıl medalların sayına görə 1-ci yerdə qərarlaşıb. Azərbaycanda ən çox qızıl medal qazanan isə Buta Gənclər Klubunun idmançıları olub. Elə müsahibimiz də Buta Gənclər Klubunun bu yarışda qalib idmançılarından biri olan Nihad İbadovdur. Çempionumuz öz qələbə sevincini bizimlə bölüşüb. Xatırladaq ki, Nihad İbadov 2008-ci ilin avqustun 5-də anadan olub. 2014-cü ildə Sumqayıtda 28 nömrəli tam orta məktəbə gedib. İdmanla elə 1-ci sinifə gədəndən məşğul olur. Hal-hazırda Sumqayıtda 24 nömrəli tam orta məktəbdə 6-cı sinifdə oxuyur. Bir çox yarışlarda iştirak edib, 1-ci, 2-ci və 3-cü yerlərə çıxıb.

- Karateyə maraq səndə necə yaranıb?

-Lap kiçik yaşlarından məndə bu idman növünə maraq yaranıb. Həmişə karateyə aid kinolara baxırdım, "Youtube"da Rəfael Ağayevin videolarını izləyirdim. Anam məndəki həvəsi görüb məni karateyə qoymağı qərara gəldi. 6 ildir Buta Gənclər Klubunda karate idman növü ilə məşğul oluram. Artıq karate mənim həyatımın ayrılmaz bir hissəsinə çevrilib. Çalışıram ki, heç vaxt məşqlərdən qalmayım.

- Sənin idealın hansı karateçidir?

-Mənim idealım məşqçim, dünya çempionu Pərviz Quliyevdir. Həmişə istəmişəm ki, mən də müəllimim kimi güclü olum. Bunun üçün də bütün gücümlə çalışıram. Məşqlərimdən heç vaxt qalmıram. Müəllimimin verdiyi tapşırıqlara əməl edirəm.

- İlk müəllimin kim olub?

-İlk müəllimim Pərviz Quliyev və Xəyal Fərhadov müəllim olublar.

- Karatedə ilk uğurunu necə xatırlayırsan?

-2016-cı ildə Azərbaycan Karate – do Federasiyasının təşkil etdiyi Narkomaniyaya qarşı 24 -cü açıq Azərbaycan birinciliyində 1-ci yerə layiq görülmüşəm. Ondan qabaq yarışlarda iştirak etmişəm, amma 1-ci yerə çıxmamışdım.

- Makedoniyada neçə görüş keçirdin və finalda kimə qalib gəldin?

-3 döyüş keçirdim, finalda rusiyalı idmançıya qalib gələrək 1-ci yerə çıxdım. 1 qızıl, 1 bürünc medal qazandım.

- Ümumiyyətlə, bütün komandanın göstərdiyi nəticələrdən məşqçiləriniz razı qaldımı?

-Makedoniyaya Buta Gənclər Klubunun rəhbəri Pərviz Quliyev və baş məşqçi Elnurə Ramazanovanın rəhbərliyi ilə getmişdik. Onlar bizdən çox razı qaldılar. Ümumiyyətlə, Azərbaycan qızıl medalların sayına görə 1-ci yerdə idi. Azərbaycanda ən çox qızıl medal qazanan Buta Gənclər Klubu oldu. İdmançılarımız 22 qızıl, 5 gümüş, 9 bürünc medal qazandılar.

- Təhsil aldığın məktəbdə sənin qələbən necə qarşılandı?

-Məktəbdə mənim qələbəm çox böyük coşqu ilə qarşılandı, müəllimlərim çox sevindilər. Məktəbimizin direktoru Nəsibə Cabbarova, sinif rəhbərim Vüsalə Babayeva, Anadili müəlliməm Sevinc Şükürova, İngilis dili müəlliməm Yeganə Cəfərova, biologiya müəlliməm Mahirə Məmmədova, coğrafiya müəlliməm Svetlana Talıbova mənim uğuruma çox sevindilər, məni Avropa çempionu olmağım münasibətilə təbrik edib, gələcək işlərimdə müvəffəqiyyətlər arzuladılar. Sinif yoldaşlarımın da hər biri məni çempion olmağım münasibətilə təbrik etdilər, gələcək yarışlarda mənə uğurlar arzuladılar.

- Qarşıda hansı yarışlar gözlənilir?

- 2020-ci ilin yanvar ayında “Arpaçay” idman klubunun təşkilatçılığı ilə beynəlxalq turnir var. Bu yarış şəhidlərimizin xatirəsinə həsr olunub, 22 ölkə iştirak edəcək. İnşAllah bu yarışda mən də iştirak edəcəm. 2020-ci ilin aprel ayında isə Türkiyənin İstanbul şəhərində Karate üzrə dünya çempionatı keçiriləcək. Bu yarışda da iştirak edib, ölkəmizi uğurla təmsil edəcəm.