• 18 May 2022
logo
Karate üzrə 6-cı “ARPACHAY OPEN-2022” beynəlxalq turniri keçiriləcək

Karate üzrə 6-cı “ARPACHAY OPEN-2022” beynəlxalq turniri keçiriləcək

Hər il olduğu kimi, bu il də ölkəmizin karate üzrə aparıcı klublarından olan Arpaçay Karate Klubu və Azərbaycan Milli Karate Federasiyasının (AMKF) birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş 6-cı “ARPACHAY OPEN-2022” beynəlxalq karate turniri keçiriləcək.
Arpaçay Karate Klubunun prezidenti, Əməkdar məşqçi Yavər Hüseynov deyib ki, 2022-ci il 21-23 yanvar tarixlərində Bakı İdman Sarayında keçiriləcək ənənəvi “ARPACHAY OPEN” beynəlxalq karate turnirinə hazırlıq işləri intensiv olaraq davam edir: “3 gün davam edəcək turnirin təntənəli açılış mərasimi 21 yanvar 2022-ci il tarixində Bakı İdman Sarayında baş tutacaq. Kata və kumite yarışlarında iştirak edəcək uşaq, yeniyetmə və gənc idmançılar bütün kateqoriyalar üzrə mübarizə aparacaqlar”.
Klubun rəhbəri onu da bildirib ki, “ARPACHAY OPEN-2022” beynəlxalq karate turnirində xarici ölkələrdən, paytaxt Bakıdan və Azərbaycanın əksər regionlarından çoxsaylı idmançının iştirakı gözlənilir.
Y.Hüseynovun sözlərinə görə, son illərdə Azərbaycanda vətənpərvərliyin təbliğinə və karate idman növünün inkişafına əhəmiyyətli dərəcədə töhfə verən və 6-cı dəfədir ölkəmizdə təşkil olunan “ARPACHAY OPEN” beynəlxalq turnirinin yüksək səviyyədə keçirilməsi üçün AMKF-nin və klubun rəhbərləri, həmçinin yarışın sponsorları əllərindən gələni əsirgəmirlər.