• 28 Mart 2024
logo
Azərbaycan karateçiləri Dünya Oyunlarına vəsiqə qazanıb

Azərbaycan karateçiləri Dünya Oyunlarına vəsiqə qazanıb

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki dünya çempionatının mükafatçıları İrina Zaretska (68 kq) və Asiman Qurbanlı (+84 kq) nəticələrə əsasən Dünya Oyunlarına vəsiqə qazanıblar.
Bu barədə məlumatı Milli Karate Federasiyası yayıb.
Bildirilib ki, daha bir idmançımız Rafael Ağayevin də Dünya Oyunlarına vəsiqə qazanmaq imkanları yüksəkdir. Onun bu mötəbər yarışa qatılması 2022-ci ildə Karate1 seriyasından prestij turnirlər və Avropa çempionatında nəticədən asılı olacaq.
Dünya Oyunlarının karate yarışları 10 çəki dərəcəsi və kata çıxışları üzrə keçiriləcək. 12 kateqoriyanın hər birində 8 karateçi mübarizə aparacaq. Hər kateqoriyada ilk “üçlük” Dünya çempionatının mükafatçılarıdır. Digər 3 yer Dünya Oyunlarından öncə yenilənən reytinqdə ilk pillələri tutanlardan, bir idmançı qitə çempionu kimi, daha bir karateçi isə təşkilatçı ölkənin təmsilçisi olaraq iştirak edəcək.
Yarış gələn il iyulun 7-17-də ABŞ-da keçiriləcək. Bu nüfuzlu multiidman oyunlarında 100-dən artıq ölkədən 3600 elit idmançının çıxışı gözlənilir. Oyunların karate yarışları 8-9 iyul tarixlərində keçiriləcək.
Qeyd edək ki, Dubayda Zaretska dünya çempionu, Qurbanlı bürünc medalın sahibi olub.