• 17 İyul 2025
logo
AFFA-nın məhv etdiyi Azərbaycan futbolu: necə qurtulaq?

AFFA-nın məhv etdiyi Azərbaycan futbolu: necə qurtulaq?

Əli Zülfüqaroğlu

Azərbaycan yığması Dünya Çempionatının (DÇ-2022) seçmə mərhələsində Portuqaliyaya da uduzaraq azarkeşlərin ümidini növbəti dəfə puç etdi. Təbii ki, bu gözlənilən idi. Amma heç kim Portuqaliyaya uduzmağımızı təbii və mütləq hadisə kimi Azərbaycan xalqına yedirməyə çalışmamalıdır. Ən azından ona görə ki, Portuqaliya hazırda Avropanın ortabab komandasıdır və Azərbaycanda çıxış edən Ronaldosuz heyət top klublarda oynamır. İkincisi də buna qədər ortada yumşaq desək Lüksemburq rəzaləti var.
Yığma niyə uduzdu, neçə xalımız var, növbəti oyunlardan nə gözləyək kimi bəsit yanaşmaları bir kənara atmalı, gerçəkləri görməli və danışmalıyıq.
8 klubluq Azərbaycan çempionatı iqtisadi cəhətdən Azərbaycandan geridə olan Gürcüstan çempionatından dəfələrlə aşağı səviyyədədir və bunun səbəbləri araşdırılmalıdır.
Təkcə “Qarabağ”ın kiçik uğurları bütövlükdə Azərbaycan çempionatının adına yazıla bilməz. Azərbaycan premyerliqası həvəskar çempionat səviyyəsinə qədər enib və problem getdikcə daha da dərinləşir.
Yığmanın mütəmadi və biabırçı məğlubiyyətlərindən görünür ki, Azərbaycan futbolunda çatışmayan çox şey var və köklü dəyişikliklər qaçılmazdır.
Amma Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) bunun əksinə olaraq hələ də kosmetik dəyişikliklər etməklə hansısa nəticə əldə etmək istəyir ki, bu da mümkünsüzdür.
Xaricdən baş məşqçi gətirməklə, eyni zamanda xarici ölkələrin 3-cü liqalarında oynayan yarı azərbaycanlı futbolçularla, yaxud aşağı səviyyəli əcnəbi futbolçuları milliləşdirməklə ölmüş Azərbaycan futboluna süni nəfəs verməyə çalışır.
Təbii ki, bu həll yolu deyil və belə mənasız addımlarla məhv edilmiş Azərbaycan futbolunu dirçəltmək qeyri-mümkündür.
Futbolun inkişafı üçün Amerika kəşf etməyə ehtiyac yoxdur. Bunun sadə yolu mövcuddur. Ortada dünya təcrübəsi var və bütün dünyada ölkələr futbolun inkişafını uşaq futbolunda görürlər və məsələyə də məhz bu kontekstdə yanaşırlar.
Azərbaycanda futbolun inkişafı üçün ilk növbədə məsuliyyətli şəxslərin ürəyi yanmalı, ayrılan vəsait təyinati üzrə xərclənməli və uşaq futboluna ciddi yatırım edilməlidir. Azərbaycanda isə uşaq futbolu məhv edilib, akademiyalar yox səviyyəsindədir. Rayonlarda aşağı yaş qrupları arasında turnirlər təşkil olunmur. Bu səbbədən istedadlı gənclərin üzə çıxarılması üçün şərait yaranmır. Nəticədə istedadlı, bacarıqlı və gələcək vəd edən uşaqlar məhv olub gedirlər.
Bütün bu arzuolunmaz durumun nəticəsi olaraq Azərbaycanda futbola yanaşma formalaşır. Xarici ölkələrdən fərqli olaraq Azərbaycanda insanlar, o cümlədən uşaqlar futbola peşəkar deyil, həvəskar yanaşırlar. Uşaqlar düşünə bilmirlər ki, onlar futbolçu ola, uğurlu karyeraya sahib olmaqla nəinki öz həyatlarını təmin edə, eyni zamanda xaricdə Azərbaycanı ləyaqətlə təmsil edə və gələcəkdə bu sahənin inkişafına xidmət göstərə bilərlər.
AFFA-nın yarıtmaz futbol siyasəti təkcə Azərbaycan futbolunu məhv etməyib, eyni zamanda bütöv bir gənc nəslin futbola yanaşma tərzini, təfəkkürünü yanlış yöndə formalaşdırıb.
Azərbaycanda azyaşlılar arasında gələcəyin İniestaları, Xaviləri kifayət qədərdir və hər birimiz aşağı yaş qruplarında məşq edən bir çox uşağın oyun tərzini müşahidə etsək bunun bir daha şahidi olarıq. Amma həmin uşaqlar nə qədər istedadlı olsalar belə gələcəkdə istedadlarını satacaqları bir ünvan tapa bilmirlər. Nəticədə Avropa səviyyəsində futbolçu kimi yetişmə potensialına sahib olan uşaqlarımızın gələcəyi, karyeraları məhv edilir, korporativ maraqların qurbanına çevrilir. Bunun səbəblərinin bir qismini yuxarıda qeyd etmişəm və bu mühitin yaranması vətənə xəyanətə bərabər bir əməldir.
AFFA şişirdilmiş transferlərə, klubların xaricdə təlim-məşq toplantısına və s. kimi lazımsız maliyyə itkisinə səbəb olacaq tədbirlərə milyonlarla vəsait sərf edir. Amma uşaqların futbol təhsili düşünülmür, akademiyalar yaradılmır, bölgələdə bazalar formalaşdırılmır, uşaqlar arasında turnirlər təşkil edilmir. Olmazmı, məsələn uşaqlar arasında bütün Azərbaycanı əhatə edən turnirlər təşkil edilsin. Xarici mütəxəssislərin iştirakı ilə kasıb-varlı demədən, ədalətli, obyektiv seçim aparılsın və istedadlı uşaqlar üzə çıxarılsın. Müəyyən kvota müəyyənləşsin və müəyyən sayda uşaqlar dövlət hesabına xarici ölkələrdə akademiyalara göndərilsin. Bu ənənəni yaratmaq və davam etdirmək nə qədər çətindir? Əlbəttə, bunun üçün istək, Azərbaycan futbolunun inkişafına çalışmaq və can yandırmaq lazımdır.
Əks təqdirdə bu günkü kimi rəzil durumda olmağa, 8 klubluq bir həvəskar çempionat izləməyə davam edəcək və yığmanın Lüksemburq kimi “cırtdanlar”ın belə qarşısında əzilməsini, yığmanın simasında bütöv bir xalqın təhqir edilməsini mütəmadi olaraq izləyəcəyik...