• 25 Aprel 2024
logo
Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov FİDE reytinqində mövqeyini qoruyub

Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov FİDE reytinqində mövqeyini qoruyub

Şahmatçıların FİDE reytinqi açıqlanıb.
Avqust reytinqində bəzi dəyişikliklər olub.
100 ən yaxşı arasında Azərbaycanın 6 kişi şahmatçısı yer alıb. Millimizin liderləri mövqeyini qoruyub. Şəhriyar Məmmədyarov 2782 xalla 6-cı, Teymur Rəcəbov 2763 xalla 10-cudur.
Mövqeyi dəyişməyən Qədir Hüseynov 72-ci sırada yer alıb – 2665 xal. Millimizdən ayrılmasına baxmayaraq təmsilçimiz kimi göstərilən Arkadi Naydiç 24 pillə irəliləyişə nail olub və 2663 xalla 73-cüdür.
3 addım geriləyərək 87-ci yerə yuvarlanan Nicat Abbasov 2656 xala malikdir. 2 xal geri qalan Rauf Məmmədov 4 pillə geriləyərək 91-cidir.
Cədvələ norveçli Maqnus Karlsen başçılıq edir – 2847 xal. Fabiano Karuana (ABŞ) 2806 xalla ikinci, Dinq Liren (Çin) 2799 xalla üçüncüdür.
Qadın şahmatçılar sırasında isə 3 həmyerlimiz yer alıb. Yığma üzvlərindən Günay Məmmədzadə 2460 xalla 25-ci, Gülnar Məmmədova 2385 xalla 77-ci sırada qalıb. Ondan 9 xal geri olan Xanım Balacayeva 2 pillə irəliləyərək 89-cu olub.
Qadın zəka sahiblərinin cədvəlində Yifan Hou (Çin, 2658) liderliyini qoruyub. Aleksandra Qoryaçkina (Rusiya, 2596) ikinci, Humpi Koneru (Hindistan, 2586) üçüncüdür.