Azərbaycan millisinin debütantlarından Mərt Çelik hədəflərindən danışıb.
Apasport.az saytının məlumatına görə, gənc müdafiəçi Türkiyə mətbuatına açıqlamasında oynamaq istədiyi çempionatı açıqlayıb.
Hazırda icarə əsasında “Neftçi”nin formasını geyinən mərkəz müdafiəçisi İspaniya La Liqasını hədəfləyir: “La Liqada oynamağı çox istəyirəm. Ən böyük hədəflərimdən biri budur. İnşallah, bir neçə il sonra oralarda olaram. Bunun üçün çox çalışıram və çalışmağa davam edəcəyəm”.
21 yaşlı oyunçu özünə örnək götürdüyü futbolçunun adını deyib: “Oyun qurmağı sevirəm. Müasir futbolda mərkəz müdafiəçiləri daha çox oyun qururlar. Topla yaxşı oynamağı bacaran arxa xətt oyunçularına üstünlük verilir. Bu cəhətimi yaxşılaşdırmağa çalışıram. Oyun üslubumu Serxio Ramosa bənzədirəm. Fiziki cəhətdən və oyun baxımından onu örnək götürürəm”.
Qeyd edək ki, “Neftçi” Mərt Çeliki ötən ilin yayında “Başakşəhər”dən 2 illik icarəyə götürüb.