• 25 Aprel 2024
logo
Hamımız müsbət emosiyalar keçirdik - qrup hərəkətləri komandamız

Hamımız müsbət emosiyalar keçirdik - qrup hərəkətləri komandamız

Bədii gimnastika üzrə Dünya Kubokunun Bakıda keçirilməsinə icazə verildiyini öyrəndikdə, biz müsbət emosiyalar keçirdik, bu yarışları səbirsizliklə gözləyirdik.

Bunu Trend-ə qrup hərəkətləri komandamızın üzvləri deyib.

Ölkəmizi qrup hərəkətləri komandamızın tərkibində Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokina təmsil edirlər.

Dünya Kubokunun ilk günündə Azərbaycan komandası qrup hərəkətlərində komandaların seçmə mərhələsində beş topla çıxış edib. Azərbaycan gimnastları çıxışlarına görə 43.000 bal alıblar.

Komandanın üzvü Ləman Əlimuradova bildirib ki, əlbətdə ki, yarışın ilk günü çıxış etmək həyəcan vericidir, Dünya Kubokunun doğma ölkəmizdə keçirilməsi isə çıxışımıza çox məsuliyyət qatır. Koronavirus pandemiyası kimi çətin bir dövrdə belə möhtəşəm bir Dünya Kubokunun baş tutmasından məmnunuq. Hamımız müsbət emosiyalar keçirdik, Dünya Kubokunun ölkəmizdə təşkil olunmasına sevindik və bununla qürur duyduq".

Gimnastlar bugünkü çıxışlarından məmnun olduqlarını vurğulayıblar və bildiriblər ki, sabah üç halqa və iki cüt gürzlə proqramı da yaxşı nümayiş etdirəcəklər.

Darya Sorokina əlavə edib ki, iki növ hərəkətlərdə özümüzü inamlı hiss edirik, əlbətdə ki, yarışlarda həyəcan təbiidir, amma hər şey bizim üçün yaxşı olsun deyə iki növlə dəqiq işləməyə çalışırıq: "Avropa çempionatında və dünya kuboklarında uğurlu çıxışlar bizə inam qazandırdı. Özümüzü güclü bir komanda olaraq göstərdik və bu bizə kömək etdi".

Gimnastlar qeyd ediblər ki, Kubokun tamaşaçısız keçirilməsinə baxmayaraq, hər zaman bədii gimnastika azarkeşlərinin dəstəyini hiss edirlər: "Hər zaman Azərbaycan Gimnastika Federasiyasının, məşqçilərimizin və əlbətdə ki, azarkeşlərin dəstəyini hiss edirik".

Mayın 9-dək davam edəcək kubok yarışları "Tokio-2020" Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır.

Qeydiyyat siyahısına əsasən, kubok yarışlarında 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla 167 gimnast iştirak edir.

Ənənəyə uyğun olaraq, kubok yarışlarında ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.