• 7 Dekabr 2024
logo
Superliqa rəsmisi: “Format dəyişməlidir”

Superliqa rəsmisi: “Format dəyişməlidir”

Avropa Superliqası hazırkı formatda baş tutmayacaq.

Apasport.az xəbər verir ki, bunu qurumun rəsmisi olan jurnalist Rob Harris tvitter səhifəsində elan edib.

Superliqa adından çıxış edən Harris 6 komandanın imtina etməsindən sonra turnirin başqa formatda keçirilməsi barədə müzakirə aparılacağını söyləyib: “Avropa Superliqası əmindir ki, qitə futbolunun hazırkı statusu dəyişməlidir. Mövcud sistem işləmədiyi üçün yeni bir Avropa rəqabəti təklif edirik. Təklifimiz pandemiya nəticəsində bütün futbol ictimaiyyətinin üzləşdiyi maddi çətinliklərin aradan qaldırılmasına kömək də daxil olmaqla, bütün futbol piramidası üçün qaynaqlar və sabitlik yaradaraq idmanın inkişafına imkan yaratmaqdır. Bu həm də futboldakı bütün maraqlı tərəflərə həmrəylik ödənişlərində əhəmiyyətli dərəcədə artım təmin edəcək. İngilis klublarının təzyiqlər üzündən bu cür qərar qəbul etmək məcburiyyətində qaldıqlarını elan etməsinə baxmayaraq, bu gün Superliqanı üçüncü tərəflərdən qorumaq üçün məhkəmə qərarı ilə göstərildiyi kimi, təklifimizin Avropa qanunlarına və qaydalarına tam uyğun gəldiyinə əminik. Mövcud şərtləri nəzərə alaraq, bütün futbol ictimaiyyəti üçün həmrəylik ödənişlərini artırarkən azarkeşlərə mümkün olan ən yaxşı təcrübəni təqdim etmək məqsədlərimizi daim nəzərə alaraq, layihəni dəyişdirmək üçün ən uyğun addımları nəzərdən keçirəcəyik”.

Qeyd edək ki, İngiltərənin “Mançester Siti”, “Mançester Yunayted”, “Liverpul”, “Çelsi”, “Arsenal” və “Tottenhem” klubları Superliqadan çıxdıqlarını açıqlayıblar.