• 14 Oktyabr 2019
logo
add image
İlin yerli yarışlar mövsümünə Sumqayıt şəhərində son veriləcək

İlin yerli yarışlar mövsümünə Sumqayıt şəhərində son veriləcək

Uğurlu təşkil olunmuş irimiqyaslı beynəlxalq yarışlardan sonra Azərbaycan Gimnastika Federasiyası payız mövsümündə yerli yarışları keçirməyə hazırlaşır.
Trend-in məlumatına görə, ilin son aylarında gimnastikanın 6 növü üzrə turnirlər təşkil ediləcək. Belə ki, 10-13 oktyabr tarixlərində bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Birinciliyi, 6-cı Bölgələrarası Kubok və aerobika gimnastikası üzrə 5-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı keçiriləcək. Bu yarışlar Bakı şəhərində Milli Gimnastika Arenasının əsas zalında baş tutacaq.
Növbəti yarışlar isə tamblinq üzrə 17-ci Azərbaycan Birinciliyi və Çempionatı və batut gimnastikası üzrə 5-ci Azərbaycan Birinciliyi və Çempionatı olacaqdır. Tamblinq üzrə turnir 8 noyabr Bakı Gimnastika Məktəbində, batut gimnastikası üzrə yarış isə 9 noyabr Bakı Olimpiya Kompeksində təşkil ediləcək.
İlin son yerli yarışları isə 15-16 noyabr tarixlərində Sumqayıt şəhərində baş tutacaqdır. Bu dəfə gimnastikanın 4 növü üzrə yarışlar - kişi və qadın idman gimnastikası üzrə 26-cı Azərbaycan Çempionatı və Bakı Birinciliyi, akrobatika gimnastikası üzrə 26-cı Azərbaycan və Bakı Çempionatı və aerobika gimnastikası üzrə 5-ci Bakı Birinciliyi və Azərbaycan Çempionatı birləşdirilmiş şəkildə Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək.
Yerli yarışların Azərbaycanın müxtəlif şəhərlərində keçirilməsi gimnastikanın bu bölgələrdə daha da inkişafına, eləcə də gənc nəslin bu idman növlərinə marağının artırılmasına xidmət edir.