• 5 Mart 2021
logo
“Qarabağ” dünya reytinqində “Fənərbaxça” və “Beşiktaş”ı geridə qoyub

“Qarabağ” dünya reytinqində “Fənərbaxça” və “Beşiktaş”ı geridə qoyub

Dünyanın ən yaxşı futbol klublarının reytinq siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) cədvəlində planetin ən yaxşı 401 klubu yer alıb.

Azərbaycan 2020-ci ilin yekunlarına əsasən tərtib edilən siyahıda yalnız bir komanda ilə təmsil olunub. Ölkəmizin ən yaxşısı “Qarabağ”dır.

Son illərin dəyişməz çempionu dünyanın 147-ci komandasıdır. Hesabında 80 xal olan Qurban Qurbanovun yetirmələri bu pilləni 4 klubla bölüşür.

147-151-ci yerlərə şərik olan 5 komandanın eyni xalı var. “Qarabağ”ın şərikləri “Sauthempton” (İngiltərə), “Penyarol” (Uruqvay), “Viktoriya” (Çexiya) və “Atletiko Mineyro”dur (Braziliya).

2019-cu ilin yekunlarında 80-ci olan “Qarabağ” bir il ərzində 67 pillə geriləyib. Lakin təmsilçimiz hələ də “Everton”, “Nyukasl” (hər ikisi İngiltərə), MOİK, “Lokomotiv” (hər ikisi Rusiya), “River Pleyt” (Argentina), “Xetafe”, “Selta”, “Valensiya” (hər ikisi İspaniya), “Beşiktaş”, “Fənərbaxça” (hər ikisi Türkiyə) kimi klubları qabaqlayır.

Cədvələ Almaniya “Bavariya”sı başçılıq edir – 260 xal. “Palmeyras”ın (Braziliya) 230, PSJ-nin (Fransa) 226 xalı var. Qardaş Türkiyənin ən yaxşı təmsilçiləri “Qalatasaray”la “Başakşəhər” 93,5 xalla 116-cı yerdədir. İstanbulun digər iki nəhəngi “Beşiktaş” 212-ci, “Fənərbaxça” isə 215-cidir.