• 5 Mart 2021
logo
İbrahimoviç: “Mən Zlatana inanıram”

İbrahimoviç: “Mən Zlatana inanıram”

“Milan” İtaliya A seriyasının XVIII turunda “Kalyari” üzərində 2:0 hesablı qələbə qazanıb.

Apasport.az saytının məlumatına görə, dublla “rossonyerlər”ə qalibiyyət qazandıran isveçli hücumçu Zlatan İbrahimoviç 2021-ci ildə “siftə” edib.

39 yaşlı forvard 1999-cu ildən bəri hər il qol vurmağı bacarır. İbra artıq 23 ildir hər il fərqlənir.

Qarşılaşmadan sonra İbrahimoviç ona ünvanlanan “Skudettoya inanırsınız” sualına özünəməxsus şəkildə cavab verib: “Mən Zlatana inanıram. 57 gün idi oynamırdım. Qələbəyə əmin olmaq üçün bu matçda ikinci qolu vurmalı idim. Gənc futbolçular məni motivasiya edir, meydan oxuyurlar. Amma təslim olmuram, onlar kimi qaça biləcəyimi sübut edirəm. Hələ yolun yarısındayıq. Ən çətin oyunlar bundan sonra olacaq”.

Veteran futbolçu yeni müqavilə məsələsinə də toxunub. O, bunun idman direktoru Paolo Maldinidən asılı olduğunu söyləyib: “Milan”a qayıtmaq məni dəyişdi. Burada çox xoşbəxtəm”.

Qeyd edək ki, Zlatan İbrahimoviç cari mövsüm A seriyasında 12 qola imza atıb.