• 4 Dekabr 2020
logo
Azərbaycan və Türkiyə boksçuları qardaşlıq mesajı veriblər: “Qarabağ Azərbaycandır!”

Azərbaycan və Türkiyə boksçuları qardaşlıq mesajı veriblər: “Qarabağ Azərbaycandır!”

Kişi boksçulardan ibarət Azərbaycan milli komandası Türkiyəyə yollanıb.

Azərbaycan Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, Umberto Orta Dominqesin rəhbərlik etdiyi yığma olimpiya təsnifat turnirləri üçün təlim-məşq toplanışını Kastamonuda keçir.

Məşqçilər korpusu hazırlıq çərçivəsində 15 boksçunu yoxlayır. Noyabrın 16-da bitəcək toplanış Türkiyə və Rumıniya yığmaları ilə birgə təşkil olunur.

Azərbaycan və Türkiyə milli komandaları ilk məşqdən öncə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi əraziləri azad etmək üçün əks-hücuma keçən Azərbaycan Ordusuna dəstək nümayiş etdiriblər. Hər iki ölkənin bayrağı ilə rinq önünə keçən yığmalar “Qarabağ Azərbaycandır” səsləndirərək, hazırlığa başlayıblar. Onlar böyük qələbənin qeyd olunacağı günü səbirsizliklə gözlədiklərini vurğulayıblar. Boksçular şəhidlərimizin ruhuna ehtiramlarını bildirib, yaralı əsgərlərimizə şəfa diləyiblər.

Türkiyə Boks Federasiyasının prezidenti Eyüp Gözgeç bildirib ki, ürəkləri hər zaman Azərbaycanla birgə döyünür: “Biz iki dövlət, tək millətik. Hər zaman qardaş ölkə Azərbaycanın yanında olmaqdan, sizi Türkiyədə qonaq etməkdən qürur və xoşbəxtlik hissi keçiririk. Azərbaycanın hazırkı durumda yanında olduğumuzu idman qardaşlığı ilə də göstəririk. Hər zaman və hər yerdə qardaşlarımızla birgəyik. Artıq Azərbaycan yığması ilə təlim-məşq toplanışına start verdik. Oktyabrın 28-də hazırlığa Rumıniya milli komandası da qoşulacaq. Hədəfimiz idmançılarımızın Tokio Yay Olimpiya Oyunları üçün lisenziya xarakterli Avropa Olimpiya Təsnifat Turnirinə tam formada yollanmasıdır”.

Qeyd edək ki, Tokio-2020-yə millimizin heyətində hələlik Tayfur Əliyev (57 kq) vəsiqə qazanıb.