• 30 Noyabr 2020
logo
"Qarabağ"ın direktoru: “Özümüzü evimizdəki kimi hiss edəcəyimizə əmin etdilər”

"Qarabağ"ın direktoru: “Özümüzü evimizdəki kimi hiss edəcəyimizə əmin etdilər”

“Vilyarreal”la oyunu israrla Türkiyədə keçirmək istədik. Bununla bağlı “Başakşəhər” klubu ilə söhbətimiz oldu. Həm klub rəsmiləri, həm də prezident Göksəl Gümüşdağ bizi çox isti qarşıladı”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın direktoru Əmrah Çəlikəl Avropa Liqasının II turunda İspaniya klubu “Vilyarreal”la matçın Türkiyəyə salınmasına münasibət bildirərkən deyib.

DHA-ya açıqlama verən klub rəsmisi ilk gündən Türkiyə variantı üzərində dayandıqlarını və UEFA-nın bunu müsbət cavablandırmasına sevindiklərini söyləyib: “UEFA ev oyunlarımızın alternativ ölkədə keçirilməsini istəmişdi. Bizə 3-4 ölkə təklif olundu. Bu ölkələr arasında Türkiyə yox idi. Ancaq biz israrla Türkiyəni tələb etdik. Digər ölkələrdə başda təhlükəsizlik olmaqla bir çox problemlər yaşaya bilərdik. Türkiyədə hansı klubla əlaqə saxlasaydıq, bizə isti yanaşacaqlarından əmin idik. Azərbaycan və Türkiyə qardaş ölkədir. Nə Türkiyə klubları özlərini Azərbaycanda səfərdə hiss edərlər, nə də azərbaycanlılar Türkiyədə”.

Çəlikəl əlavə edib ki, matçın “Başakşəhər Fatih Terim” stadionunda keçirilməsi üçün İstanbul klubu ilə danışıqları müsbət keçib: “Bizə köməklik göstərəcəklərini və özümüzü evimizdəki kimi hiss etməyimiz üçün əllərindən gələni əsirgəməyəcəklərini dedilər. UEFA-ya təklif etdiyimiz alternativlərdən biri bu arena idi. Şükürlər olsun ki, tələbimiz müsbət qarşılandı”.

“Qarabağ”ın direktoru “Sivasspor” və “Makkabi” ilə ev oyunlarını harada keçirəcəklərinin hələ dəqiq olmadığını vurğulayıb: “Hələlik yalnız ilk ev oyununun İstanbulda keçirilməsi bəllidir. “Qarabağ” rəhbərliyi adından “Başakşəhər” klubuna təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, “Qarabağ” – “Vilyarreal” görüşü oktyabrın 29-da keçiriləcək.