• 28 Mart 2024
logo
Süleyman Mikayılov AİBA prezidentliyinə namizəd olub

Süleyman Mikayılov AİBA prezidentliyinə namizəd olub

Dekabrın 12-13-də Macarıstanın paytaxtı Budapeştdə Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) növbədənkənar Konqresinin keçirilməsi nəzərdə tutulub.

Apasport.az-ın Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, koronavirus pandemiyası səbəbindən onlayn keçirilməsi planlaşdırılan tədbir çərçivəsində qurumun yeni prezidentinin seçilməsi gözlənilir.

Bununla bağlı yaxın günlərdə yekun qərar açıqlanacaq. AİBA-nın rəhbər postuna Assosiasiyanın İcraiyyə Komitəsinin bir neçə üzvünün təşəbbüsü ilə eyni komitənin üzvü, Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Süleyman Mikayılovun namizədliyi irəli sürülüb. Hələlik yeganə namizəd olan həmyerlimiz pandemiya dövründə çətin və məsuliyyətli yükün altına girdiyini, sevimli idman növü olan boksun inkişafında öz töhfəsini vermək arzusunu qeyd edib.

O bildirib ki, dünya boks ailəsi son prezident seçkilərindəki səhvi təkrarlamamalı, lazım olan lideri seçməli və boksun dünya idmanındakı nüfuzunu qaytarmalıdır. 58 yaşlı S. Mikayılovun platformasının əsasını seçkilərdən sonra maliyyə dayaqlarını möhkəmlətmək, strukturu yenidən formalaşdırmaq və Beynəlxalq Olimpiya Komitəsi ilə münasibətlərdəki gərginliyi aradan qaldırmaq təşkil edir. Həmçinin 2024-cü ilədək büdcənin hazırlanması da əsas prioritetdir. Kənar ekspertlərdən ibarət yeni baxış komitəsinin formalaşdırması üçün isə AİBA-nın əsasnaməsinə dəyişikliklərin edilməsini də məqsədəuyğun sayan sabiq boksçu və hakim idarəetmənin yeni strukturu, yeni maliyyə prinsipləri, etika və mədəniyyət məsələlərində dəyişikliklər, bütün qaydaların yenidən nəzərdən keçirilməsi, qadın boksunun inkişafı üçün layihələrə baxılması, yarışlarla bağlı planların formalaşması, həmçinin AİBA-nın imicinin bərpası və yeni tədbirlərin təşkili üçün PR planların hazırlanmasını təklif edib.

Yuxarıda qeyd olunanlar həyata keçdikdən sonra yeni rəhbər Beynəlxalq Olimpiya Komitəsinə məruzə hazırlamalıdır ki, bunun əsasında boks Yay Olimpiya Oyunlarının proqramından çıxarılmasın. S. Mikayılov bunun üçün lazım olan vəzifələrin icrasını öz üzərinə götürməyə hazır olduğunu vurğulayıb. Onun sözlərinə görə, son aylarda, hətta illərdə lazım olan plan və dəstəyi hazırlayıb ki, AİBA-nın və boksun taleyini uğurlu şəkildə dəyişsin: “Bu uğura tam əminəm. Öz səhvlərimizi etiraf etməyi utanmamalıyıq. Amma artıq onlar keçmişdə qalıb. Biz maliyyədən, idarəetmədən müstəqil olmalı və boksçularımız üçün tam məsuliyyət daşımalıyıq. Bu hədəfə çatdıqdan sonra biz artıq öz yolumuzla gedəcəyik. Bu günki gündə AİBA hələ də gələcəklə bağlı ümid evi kimi qalır. İcraiyyə Komitəsinin üzvləri AİBA-nı nikbin ruhda həyatda saxlamaq üçün hər şey ediblər. Əgər dekabrda mənə sizin rəhbər kimi xidmət etmək imkanını nəsib etsəniz, səylərinizi qiymətləndirəcəyimə söz verirəm. Bu bizim idman növüdür və başqa heç kimə məxsus deyil. O həmişə bizdə qürur hissi yaradıb və həyatımıza rəng qatıb. Biz kiməsə onu bizdən almağa imkan verə bilmərik”.

S.Mikayılov mətbuatda AİBA-nın borclarını bağlayacağı ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib. O bildirib ki, yazılanlar heç bir həqiqəti əks etdirmir: “Mən bununla bağlı heç kimə söz verməmişəm. Sadəcə bildirmişəm və platformamda da qeyd etmişəm ki, 3 ay ərzində xüsusi komissiya yaradılacaq və həmin qrup borclarla bağlı məsələləri araşdıracaq. Çünki bu pulların nə üçün götürülməsi, hara investisiya qoyulması, necə xərclənməsi barədə heç kimdə təfərrüatı ilə dəqiq məlumat yoxdur. Mən “borcları bağlayacağam” deməmişəm”.

Qeyd edək ki, 2019-cu ilin martında özbəkistanlı Qafur Rəhimovun prezident vəzifəsindən ayrılmasından sonra AİBA-ya müvəqqəti olaraq mərakeşli Mohamed Mustasan rəhbərlik edir.