• 26 Sentyabr 2020
logo
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Yevlaxda keçirilib

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Yevlaxda keçirilib

AFFA-nın və Yevlax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Yevlax rayonunda keçirilib.

Bu layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır. Bu layihə çərçivəsində keçirilən tədbirdə rayonun Aşağı Qarxun və Yuxarı Qarxun kəndlərindən 50 məktəbli uşaq iştirak etmişdir. Tədbirdə iştirak edən uşaqlara futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilmişdir.

Tədbirdə Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, 48 saylı Yevlax Seçki Dairəsindən Milli Məclisə seçilmiş deputat, YAP Rayon Təşkilatının sədri İlham Məmmədov, Milli Məclisin deputatı Sabir Hacıyev iştirak edib. Bu layihə üzrə tədbirlərin digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulub.