Avqustun 30-da Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Milli Karate Federasiyası və Arpaçay Karate Klubunun birgə təşkilatçılğı baş tutacaq fərdi kata və komanda kata üzrə klublararası yarış açıq havada keçiriləcək
30 avqust 2020-ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Milli Karate Federasiyası (AMKF) və Arpaçay Karate Klubunun birgə təşkilatçılıığı ilə iyul ayında Tovuz rayonunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş fərdi kata və komanda kata üzrə klublararası karate turniri keçiriləcək.
Arpaçay Karate Klubunun prezidenti Yavər Hüseynovun verdiyi məlumata görə, yarış Xətai rayonu Məzahir Rüstəmov küçəsində yerləşən stadionda (Neapol dairəsinin yaxınlığında) açıq havada baş tutacaq. Y.Hüseynov deyib ki, şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş turnirdə 10-a yaxın klubdan 100-dən artıq idmançının iştirakı gözlənilir.
Məlumat üçün qeyd edək ki, Azərbaycanın gələcəyi üçün mərd, igid, vətənpərvər və sağlam idmançılar yetişdirməyi əsas hədəf kimi qarşıya qoyan Arpaçay Karate Klubu Vətənin azadlığı və bütövlüyü uğrunda mübarizə aparan və şəhid olan qəhrəmanların əziz xatirəsinə həsr olunmuş yarışlar keçirməklə onları həmişə yad edir.
Eyni zamanda Arpaçay Karate Klubu 2016-cı ildən başlayaraq hər ilin yanvarında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan ənənəvi “ARPACHAY OPEN” beynəlxalq turniri keçirir.