• 28 Mart 2024
logo
“Qarabağ”ın Çempionlar Liqasının II və III təsnifat mərhələlərində yer alacağı səbətlər bəlli olub

“Qarabağ”ın Çempionlar Liqasının II və III təsnifat mərhələlərində yer alacağı səbətlər bəlli olub

Ağdamın “Qarabağ” klubu Çempionlar Liqasının 2020/21 mövsümünün ilk 2 püşkatması zamanı səpələnmişlər səbətində olacaq.

Apasport.az saytının məlumatına görə, avqustun 9-da baş tutacaq I təsnifat mərhələsinin püşkatmasında Azərbaycan çempionu 5-ci yüksək reytinqli olacaq.

Əmsalı 21,000-a bərabər təmsilçimiz “Seltik” (Şotlandiya, 34,000), “Astana” (Qazaxıstan, 29,000), “Lüdoqorets” (Bolqarıstan, 26,000) və “Srvena Zvezda”dan (Serbiya, 22,750) geri qalır.

Ertəsi gün II təsnifat mərhələsində 17 cüt və mübarizəyə yeni qoşulacaq 3 komandanın rəqibləri bilinəcək. “Qarabağ”ın yer alacağı cüt yenə səpələnmiş olacaq. Burada təmsilçimiz gücünə görə 6-cı komanda sayılır.

Yuxarıda qeyd etdiyimiz 4 komandanın yer aldığı cütlərdən başqa Zaqreb “Dinamo”su da öndə qərarlaşacaq. Xorvatiya çempionunun əmsalı 33,500-dür.

Püşkü avqustun 31-də atılacaq III seçmə mərhələsində “Qarabağ” böyük ehtimalla səpələnməyəcək. Çünki mübarizəyə bu raunddan başlayacaq “Olimpiakos” (Yunanıstan, 42,000) və “Slaviya” (Çexiya, 27,500) daha yüksək əmsala malikdir.

Digər 4 səpələnmiş adına isə “Seltik”, “Astana”, “Lüdoqorets”, “Srvena Zvezda”, “Dinamo” iddia edir. Üstəlik, İsveçrə və Danimarkada da çempionun yüksək reytinqli olacağı gözlənilir. Bu isə o deməkdir ki, “Qarabağ”ın səpələnmiş olması üçün bu 7 çempiondan ən azı 4-ü III təsnifat mərhələsində çıxış etməməlidir. Qurban Qurbanovun yetirmələrini “Seltik”, “Astana”, “Lüdoqorets”, “Srvena Zvezda”, “Dinamo”nun məğlubiyyəti qane edir. Təmsilçimizə İsveçrə və Danimarkada ya aşağı reytinqlinin çempionluğu, ya da güclünün erkən məğlubiyyəti lazımdır.