• 19 Aprel 2024
logo
Donald Gerye: “Qarabağ"a qayıtmaq ən yaxşı variant idi”

Donald Gerye: “Qarabağ"a qayıtmaq ən yaxşı variant idi”

“Mən “Qarabağ”a qayıtdım və həmişə özümü burada xüsusi hiss etmişəm”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Donald Gerye deyib.

Yay fasiləsində “Neftçi”dən Ağdam klubuna qayıdan haitili müdafiəçi ölkə çempionundakı ab-havadan danışıb: “Bilirsiniz bu necə hissdir? Biz bir yerdə doğulmuşuq, sonra mən getmişəm. Ardınca isə ayrılıqdan sonra barışmış kimiyik. Mən xoşbəxtəm. Bu da möhtəşəmdir. Özümü evimdəki kimi hiss edirəm”.

Gerye Türkiyədən aldıqları təklifləri qəbul etməyib “Qarabağ”a keçməsinin səbəblərinə də aydınlıq gətirib: “Neftçi”ni tərk edəndən sonra menecerimlə danışdım. O dedi ki, Türkiyədən bir neçə müxtəlif təklif var. Amma bilirsiniz ki, orda maliyyə ilə bağlı müvəqqəti çətinliklər var. Ən yaxşısı “Qarabağ”a qayıtmaq idi. Çünki Ağdam təmsilçisi yaxşı komandadır. Bilirəm ki, bura evim kimidir. Maliyyə qayğıları yoxdur, maaşlar vaxtında ödənir. Həyat yoldaşım da bunu istəyirdi. Mən bəzi oyunçularla da danışdım. Onlar da qayıtmağımı istəyirdilər. Hətta azarkeşlər də var idi. Müzakirə etdik və fikirləşdik ki, qayıtmaq ən yaxşı variant idi. Buna görə də müqavilə imzaladım”.

Donald ölkəsinin mətbuatına “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov barədə yüksək fikirdə olduğunu da gizlətməyib: “Bura gələndən həmişə yaxşı oynamışam. Ailəmə və həyat yoldaşıma təşəkkür edirəm. Qurban Qurbanovun klubuna da minnətdaram. Mən yenə bütün gücümlə çalışacağam. Ümid edirəm ki, formamı bərpa edib meydanda əvvəlki Donald Geryeni göstərəcəyəm. Bəxtim gətirib ki, “Neftçi”də oynayanda Qurban Qurbanovla görüşdüm. Bunun səbəbi qayıtmaq istəyim deyildi. Ona görə görüşdük ki, o yaxşı insandır. Qurbanov mənim üçün çox şey edib və uğurumun bir hissəsi onunla bağlıdır. Bizim yaxşı münasibətlərimiz var və həmişə ünsiyyətdə olmuşuq”.