• 5 Avqust 2020
logo
Futzal üzrə Azərbaycan çempionatı başa çatdırılıb

Futzal üzrə Azərbaycan çempionatı başa çatdırılıb

Bu gün Azərbaycan Futzal Federasiyası (AFF) İcraiyyə Komitəsinin (İK) videokonfrans formatında iclası keçirilib.

Apasport.az-ın qurumun saytına istinadən məlumatına görə, görüşdə AFF-nin prezidenti Zaur Axundov, vitse-prezident Rəmiş Malıyev, komitə üzvləri Mahmud Sadıqov və Turqay Fərzəliyev, AFFA-nın Futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov iştirak ediblər.

İK-nın iclasında koronavirus (COVID-19) qlobal pandemiyası ilə əlaqədar qeyri-müəyyən müddətə təxirə salınmış Yüksək Liqanın oyunlarının davam etdirilib-etdirilməməsi ilə bağlı məsələ müzakirə olunub. Qərara alınıb ki, yarımçıq dayandırılan 2019/20 mövsümü bərpa olunmadan başa çatdırılsın.

Bu qərarın verilməsi zamanı pandemiya ilə əlaqədar yaranmış mövcud vəziyyət, infeksiyanın yoluxma statistikasının yüksəlməsi, ölkə ərazisində karantin rejiminin 2020-ci il avqustun 1-dək uzadılması, idman zallarının fəaliyyətinə qadağaların tətbiq edilməsi, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək klubun adının iyulun 31-dək UEFA-ya təqdim olunması nəzərə alınıb. Komitə üzvləri Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlar və verilən tövsiyələr, ən əsası, futzalçıların, məşqçilərin və Yüksək Liqada oyunların təşkilində bu və ya digər şəkildə iştirak edən şəxslərin sağlamlığının qorunmasını da nəzərə alaraq belə addımı daha düzgün sayıb.

2019/2020-ci il mövsümündə Yüksək Liqada qalibin və digər mükafatçı komandaların hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilməsi ilə bağlı qərar yekdilliklə (4 lehinə) qəbul olunub. Qərara əsasən, UEFA Çempionlar Liqasının 2020/2021-ci il mövsümündə ölkəmizi “Araz” klubu təmsil edəcək.

“Marafon” gümüş, EKOL bürünc medallara yiyələnib. Xətai Bağırov isə çempionatın bombardiri olub.

Bombardirlər: Xətai Bağırov (Araz) – 39, Firudin Ağalarov (Premier, Quba // Xızı Futzal) - 29 qol

Qeyd edək ki, AFFA-nın İntizam Komitəsinin qərarına əsasən, “Neftçi” – “Baku Fire” oyununda “Neftçi”nin heyətində adı protokolda olmayan futzalçı meydana çıxdığına görə, matçın nəticəsi ləğv edilib, “Neftçi”yə 0:5 hesablı texniki məğlubiyyət verilib. Həmçinin "Premier" (Quba) komandası 3 dəfə Yüksək Liqa təqviminin oyununa çıxmadığına görə, AFFA-nın İntizam Komitəsinin 17 mart 2020-ci il tarixli qərarı ilə yarışdan kənarlaşdırılıb.