• 18 Avqust 2019
logo
add image
Beş güləşçimiz EYOF-un finalında

Beş güləşçimiz EYOF-un finalında

Bakıda keçirilən Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışları bu gün başa çatır.
Trend-in məlumatına görə, yarışın üçüncü günündə son 7 çəki üzrə mübarizə baş tutur. Kənan Heybətov debütdə Ukrayna təmsilçisini tam üstünlüklə məğlub edib. Daha sonra Finlandiya idmançısına heç bir şans tanımayan Kənan yarımfinala yüksəlib. Yunan güləşçini də vaxtından əvvəl yenən Heybətov finala çıxıb.
Cəbrayıl Hacıyev ilk görüşdə gürcü güləşçi üzərində inamlı qələbə qazanıb. Türkiyə pəhləvanını 1 dəqiqə ərzində diz çökdürən Hacıyev 1/4 finala yüksəlib. Bu mərhələdə Yunanıstan təmsilçisi də yığmamızın üzvü qarşısında aciz qalıb. Cəbrayıl yarımfinalda İsveçrə idmançısına da güzəştə getməyib.
Elmir Əliyev ilk hissədə Norveç təmsilçisini sıradan çıxarıb. Daha sonra çətinliklə də olsa, Rumıniya idmançısından güclü olub. Yarımfinalda gürcü rəqibini "tuşe" ilə devirən həmyerlimiz adını finala yazdırıb.
Xasay Həsənli ilk mərhələdə Yunanıstan idmançısını məğlub etməkdə çətinlik çəkməyib. Finlandiya və İsveçrədən olan rəqiblərinə də aman verməyən Xasay adını yarımfinala yazdırıb. Ukrayna güləşçisiylə gərgin mübarizə şəraitində keçən görüşdən də qalib ayrılan Həsənli finala yüksəlib.
Birgül Soltanova startda Rusiya güləşçisinə uduzub.
Elnurə Məmmədova gərgin keçən qarşılaşmada macar rəqibindən üstün olub. Daha sonra Ukrayna və Rumıniya idmançıları üzərində əzmkar qələbə qazanan Elnurə finala adlayıb.
Nigar Mirzəzadə yarışa alman rəqibini yenməklə başlayıb. Ancaq 1/4 finalda türkiyəli idmançıya müqavimət göstərə bilməyib. Rəqib finala yüksəldiyi üçün təsəlliverici görüşə çıxan Nigar britaniyalı güləşçiyə rahat qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb.
Qeyd edək ki, medal qarşılaşmaları saat 16:00-da başlayacaq.