• 19 Sentyabr 2020
logo
"Azərreyl" amerikalı voleybolçunu transfer edib

"Azərreyl" amerikalı voleybolçunu transfer edib

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu yeni mövsüm üçün heyətini gücləndirməkdə davam edir.

Apasport.az saytının məlumatına görə, digər Azərbaycan komandalarının hələ 1 oyunçu ilə anlaşmadığı koronavirus pandemiyası zamanı “dəmiryolçular” 7-ci transferini rəsmiləşdiriblər.

Razılaşmaya əsasən, amerikalı Broun Kazmiere 2020/2021 mövsümündə Bakı təmsilçisinin şərəfini qoruyacaq. 193 sm boya malik 24 yaşlı blokçu son ili Ukraynanın “Ximik” klubunda oynayıb. Koronavirusa görə yarımçıq dayandırılan Superliqada Jujnı təmsilçisi 16 turdan sonra ikinci olsa da, Azərbaycan çempionatındakı kimi klublar mükafatsız qalıb.

Daha öncə ölkəsində “Kentukku Universiteti”nin şərəfini qoruyan Kazmiere Almaniyada da legioner həyatı yaşayıb. O, “Münster”də çıxış edib.

Beləliklə, yeni mövsümdə ölkəmizi avrokubokda təmsil edəcək yeganə komandanın oyunçularının sayı 7-yə çatıb. Voleybolumuzun flaqmanı daha öncə sloveniyalı Moytsa Pene, rusiyalı Anastasiya Mertsalova və millimizin üzvü Kseniya Pavlenko ilə müqaviləni artırıb, slovakiyalı Romana Hudeçova, yığmamızın oyunçuları Yuliya Kərimova və Anastasiya Bessonova ilə 1 illik anlaşma əldə edib. Həmçinin baş məşqçi Famil Ağayevi də postunda saxlanılıb.