• 23 Mart 2025
logo
Azərbaycan Premyer Liqasında medalları rekordçular qazanıb

Azərbaycan Premyer Liqasında medalları rekordçular qazanıb

Azərbaycan Premyer Liqasının 2019/20 mövsümünün mükafatları ölkə çempionatlarının rekordçularına nəsib olub.

Apasport.az saytının məlumatına görə, ilk üç yeri tutan komandalar yarışın tarixində ən çox medal qazanan klublardır.

Qızıl medala sahib olan “Qarabağ” 8-ci çempionluğunu və 14-cü mükafatını qazanıb. Ağdamlılar qızıl medal sayında “Neftçi”nin rekorduna şərik çıxıbsa, ümumi göstəricidə yalnız əsas rəqibindən geri qalır. Qurban Qurbanovun yetirmələri ardıcıl 7-ci dəfə çempion olub və son 8 mövsümdə “üçlük”də yer alıb.

Ardıcıl 2-ci dəfə gümüşlə kifayətlənən “Neftçi” üç ildir mükafatçılar sırasını tərk etmir. Bakılılar hamıdan çox – 18 medala yiyələnib. Çempionluq sayında isə paytaxt klubu ilk yerə şərikdir. Bu dəfəki gümüş “Neftçi”yə daha bir rekord göstərici bəxş edib. Bakılılar hamıdan çox – 4 gümüşün sahibidir. “Ağ-qaralar” bürünc medal sayında da hamıdan öndədir – 6 dəfə.

“Keşlə” iki illik fasilədən sonra mükafatçılar sırasına qayıdıb. Paytaxt klubu tarixində 9-cu medalına yiyələnib.

1992-ci ildən keçirilən, bir dəfə yarımçıq qalan, bir dəfə keçirilməyən ölkə çempionatları tarixində 17 klub mükafatçılar sırasına düşüb.