• 18 Aprel 2024
logo
Azərbaycan millisinə ən çox qol vuran futbolçuların adları məlum olub

Azərbaycan millisinə ən çox qol vuran futbolçuların adları məlum olub

Koronavirus pandemiyası üzündən dünyanın yaşıl meydanlarında yaranan səssizlik Azərbaycan millisini də zəruri istirahətə vadar edib.

Apasport.az saytının məlumatına görə, son matçını ötən il keçirən yığmamızın hesabında 256 qarşılaşma var.

Milli dünya və Avropa çempionatlarının seçmə mərhələləri, Millətlər Liqası, həmçinin qeyri-rəsmi turnirlər və yoxlama oyunlarında nə az, nə çox 432 qol buraxıb. Bunlardan bəziləri avtoqol müəllifi olan futbolçularımızın passivinə yazılıb.

Maraqlıdır, görəsən əcnəbilər arasında millimizə qənim kəsilən oyunçular kimdir? Futbol tariximizə nəzər salsaq görərik ki, 18 oyunçu Azərbaycan yığmasının qapısına 3 və ya daha çox top vurub.

Onlardan da 17-si Avropa təmsilçisidir. Bu da başadüşüləndir. Bütün rəsmi turnirlərdəki oyunlarda (seçmə və Millətlər Liqası) rəqiblər avropalılar olub. Asiya və Şimali Amerika təmsilçiləri ilə görüşlər isə çox az sayda baş tutub.

Azərbaycan millisinin qapıçıları üçün kabus Miroslav Klozedir. Dünya çempionatları tarixinə ən yaxşı bombardir kimi düşən almaniyalı yığmamızı 5 dəfə məyus edib. O, bu qolları üç matçda vurub.

Lideri hərəyə 4 top vuran üç oyunçu izləyir. Onlardan ikisi - Tomaş Frankovski və Yatsek Krjınovek millimizə ağır günlər yaşadan Polşa yığmasının üzvləridir. Rumıniyalı Florin Raduçoyu da eyni sayda qola imza atıb.

Azərbaycan azarkeşlərinə 3 dəfə məyusluq yaşadanların sayı 14-dür. Onlar arasında Asiya təmsilçisi Maksim Şatskix də yer alıb. Özbəkistanlı millimizlə görüşdə het-trik müəllifi olub.

Hərəyə üç qol vuranlardan ikisi – Şlomi Arbeytman və David Vilya buna bizə qarşı keçirdiyi yeganə matçda imza atıb. Onlar həmin yoxlama görüşündə het-triklə fərqlənib. Hər iki oyun 0:6 hesabı ilə bitib.

Maraqlıdır ki, millimizin tarixinə Oser faciəsi yazan Fransa yığması iki oyunda 12 top vursa da (0:2, 0:10), heç bir üzvü 3 və ya daha çox qola imza atmayıb.

Millimizə ən çox qol vuranlar
1. Miroslav Kloze (Almaniya) – 5
2-4. Tomaş Frankovski (Polşa) – 4
Yatsek Krjınovek (Polşa) – 4
Florin Raduçoyu (Rumıniya) – 4
5-18. Maksim Şatskix (Özbəkistan) - 3
Andre Şurrle (Almaniya) - 3
Rayan Giqqz (Uels) - 3
Timmi Simons (Belçika) - 3
Qari Spid (Uels) - 3
Şlomi Arbeytman (İsrail) - 3
Nikola Jiqiç (Serbiya) - 3
Kubilay Türkyılmaz (İsveçrə) - 3
Arber Zenelli (Kosovo) - 3
Bruno Alveş (Portuqaliya) - 3
Ronen Harazi (İsrail) - 3
Sergey Kleşenko (Moldova) - 3
David Vilya (İspaniya) - 3
Marek Hamşik (Slovakiya) - 3