• 16 İyul 2024
logo
Naxçıvan Muxtar Respublikası-100:

Naxçıvan Muxtar Respublikası-100:

İyunun 21-23-də Bakı İdman Sarayının təşkilatçılığı ilə İdman Döyüş Növləri Festivalı keçirilib

Xəbər verildiyi kimi, 21-23 iyun 2024-cü il tarixlərində Bakı İdman Sarayında Naxçıvan Muxtar Respublikasının (MR) yaradılmasının 100 illiyinə həsr olunmuş İdman Döyüş Növləri Festivalı keçirilib.
Festivalın 1-ci günü, iyun ayının 21-də ayrı-ayrı döyüş növləri üzrə idmançıların yarışları ilə eyni zamanda Festivalının açılış mərasimi də baş tutub. Açılış mərasimində şəhid ailələri, qazilər, Gənclər və İdman Nazirliyinin, Bakı şəhərində Naxçıvan MR-in Daimi Nümayəndəliyinin təmsilçiləri, Milli Məclisin üzvləri, Azərbaycan Karate Federasiyasının, digər idman döyüs növləri federasiyalarının, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Açılış mərasimində əvvəlcə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümunəvi hərbi okestrinin müşayiəti ilə federasiya, assosiasiya və ictimai birliklərin idmançılarının təntənəli paradı baş tutub.
Daha sonra Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra İdman Döyüş Növləri Festivalı üzrə Təşkilat Komitəsinin sədri, Bakı İdman Sarayının İdman şöbəsinin müdiri Yavər Hüseynov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2023-cü il tarixli Sərəncamına uyğun olaraq, bu möhtəşəm təşəbbüsü dəstəkləyib, həyata keçirən Bakı İdman Sarayının direktoru Əli Əsgərovun adından İdman Döyüş Növləri Festivalının təntənəli açılış mərasiminə qatılan qonaqları salamlayıb, onun xoş sözlərini Festival iştirakçılarına çatdırıb. Gənclər və idman naziri Fərid Qayıbovun xüsusi dəstəyi ilə belə bir mühüm kütləvi idman tədbirinin baş tutduğunu vurğulayan Y.Hüseynov bildirib ki, təşkilatçı Bakı İdman Sarayının direktoru Əli Əsgərov dövlət başçısının müvafiq Sərəncamını rəhbər tutaraq Naxçıvan MR-in 100 illiyinə həsr olunmuş Festivalın yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tapşırıqlarını verib, hərtərəfli dəstək, diqqət və qayğı göstərib.
Tədbirdə fəxri qonaq qismində iştirak edən Milli Məclisin üzvləri Jalə Əliyeva, Vüqar İskəndərov, Fazil Mustafa, Sadiq Qurbanov, habelə Azərbaycan və Türkiyənin yazıçılar birliklərinin üzvü, “Milan Hospital”ın təsisçisi və rəhbəri Xuraman Muradova, Dövlət Gömrük Komitəsinin İdman Sağlamlıq Mərkəzinin rəisi Xəzər İsayev, Azərbaycan Qan Donorluğu İnkişafı Mərkəzinin idarə heyətinin sədri Fuad Rəsul və digərləri Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinin təntənəli şəkildə qeyd edilməsinin, eyni zamanda belə bir möhtəşəm tədbirin keçirilməsinin önəmindən, ölkəmizdə idmanın inkişafına göstərilən dövlət dəstəyindən bəhs ediblər.
Fəxri qonaqların və döyüş idman növləri sahəsində ölkəmizdə böyük nailiyyətlər əldə edən şəxslərin xüsusi mükafatlarla təltif edilməsi müxtəlif idman növləri üzrə federasiya və idman təşkilatları üzvlərinin nümunəvi çıxışları, rəqs kollektivlərinin, o cümlədən “Öncə Vətən deyənlərə salam olsun” İB-nin kompozisiyaları ilə müşayiət olunub.
Xatırladaq ki, Naxçıvan MR-in 100 illiyinə həsr olunmuş İdman Döyüş Növləri Festivalı çərçivəsində 3 gün – iyunun 21, 22 və 23-də keçirilən və 14 idman döyüş növü (karate (WKF, şotokan, kyokşin, ənənəvi), uşu, kun-fu, “Savat”, Çin döyüş növləri və s.) üzrə idmançıların güclərini sınadığı yarışlarda 27 idman təşkilatından 2100 idmançı (uşaq, yeniyetmə və gənclər) iştirak edib.