• 27 İyul 2024
logo
İyunun 21-23-də Bakı İdman Sarayında daha bir mötəbər idman tədbiri keçiriləcək

İyunun 21-23-də Bakı İdman Sarayında daha bir mötəbər idman tədbiri keçiriləcək

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr olunan İdman Döyüş Növləri Festivalına hazırlıq işləri yekunlaşıb

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi münasibətilə Bakı İdman Sarayında iyun ayının 21-23-də keçiriləcək İdman Döyüş Növləri Festivalı üzrə Təşkilat Komitəsinin mətbuat konfransı təşkil edilib. Tədbirdə çıxış edən Təşkilat Komitəsinin sədri, Bakı İdman Sarayının İdman şöbəsinin müdiri Yavər Hüseynov möhtəşəm festivala hazırlıq işləri ilə bağlı məlumat verib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illik yubileyinin qeyd edilməsi çərçivəsində Bakı İdman Sarayının direktoru Əli Əsgərovun birbaşa təşkilatçılığı və rəhbərliyi ilə 2024-cü ilin iyun ayında keçiriləcək İdman Döyüş Növləri Festivalına hazırlıq işləri başa çatmaq üzrədir. Təbii ki, Təşkilat Komitəsi olaraq hər birimizin üzərinə böyük məsuliyyət düşür. Festivalın qüsursuz baş tutması ilə bağlı məsələlər, o cümlədən açılış mərasiminin təşkili ilə bağlı hazırlıq işləri yekunlaşıb. Onu da qeyd edim ki, Festivalın baş hakimi beynəlxalq dərəcəli hakim Cahangir Babayev olacaq”.
Y.Huseynov xüsusi olaraq qeyd edib ki, 25 idman təşkilatı, o cümlədən federasiya və assosiasiyalar və ictimai birliklərin qatıldığı Festivalda 6 idman döyüş növü üzrə yarışlar təşkil olunacaq. Onun sözlərinə görə, 3 gün davam edəcək Festivalın açılış mərasimi iyunun 21-də saat 17:00-da Bakı İdman Sarayında baş tutacaq.
Daha sonra çıxış edən Dövlət Gömrük Komitəsinin İdman Sağlamlıq Mərkəzinin rəisi Xəzər İsayev Naxçıvan Muxtar Respublikasının yaradılmasına həsr olunmuş Festivalı mühüm hadisə kimi qiymətləndirərək, ilk gündən bu təşəbbüsə dəstək verdiklərini və idman tədbirinin keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin hazırlığının yüksək səviyyədə olduğunu bildirib.
Bakı İdman Sarayının direktor müavini Vüqar müəllim Bakı İdman Sarayında (BİS) belə bir möhtəşəm tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb, Bakı İdman Sarayının direktoru Əli Əsgərovun adından idman tədbirinin iştirakçılarına uğurlar arzulayıb və Təşkilat Komitəsinə dəstəyin davamlı olacağını dilə gətirib.
Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Allahverdi Rüstəmov, “Öncə Vətən deyənlərə salam olsun” İB-nin sədri Fərahim Sadiq, Azərbaycan Qan Donorluğu İnkişafı Mərkəzinin idarə heyətinin sədri Fuad Rəsul da çıxış edərək festivalla bağlı təklif və fikirlərini çatdırıblar.
Mətbuat konfransının sonunda Təşkilat Komitəsinin sədri Yavər Hüseynov tədbir iştirakçılarına təşəkkürünü bildirib və Festivalın ideal səviyyədə baş tutması üçün əllərindən gələni əsirgəməməyə çağırıb.