• 20 Aprel 2024
logo
Dövlət koronavirusla mübarizədə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir

Dövlət koronavirusla mübarizədə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir

Koronavirusla bağlı son günlər daha çox yoluxma faktlarının aşkarlanmasının səbəbləri çoxdur. Bunlardan biri xəstəliyin inkubasiya müddətinin uzun olması və aparılan testlərin nəticələrinin ortaya çıxması ilə bağlıdır.

Bunu Teleqraf.com-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.

O bildirib ki, koronavirus hallarının artması ölkədə mübarizə tədbirlərinin zəif olması mənasına gəlməməlidir:

"Bildiyiniz kimi bir şəxsdə koronavirus aşkarlandıqda, onun ətrafı, təmasda olduğu insanlar haqqında informasiya toplanılır və bu informasiyalar dəqiqləşdikdən sonra həmin şəxslər də karantinə cəlb olunurlar. Onların da testləri yoxlanılır. Yalnız bundan sonra yoluxma halları ilə bağlı konkret rəqəmlərini sistemə daxil etmək mümkündür. Proses dünyanın bütün ölkələrində belədir. Baş verənlər heç də Azərbaycanda koronavirusa qarşı mübarizənin yüksək səviyyədə təşkil olunmasının üzərinə hər hansı formada kölgə sala bilməz".

Vətəndaşların karantin rejiminin tələblərinə əməl etməli olduqlarını vurğulayan Elçin Mizəbəyli bəzi insanların sms xəbərdarlığı ilə bağlı məqsədə uyğun olmayan yanaşmalarından da söz açıb: "Bu yanaşmalar təbii ki, təəccüb doğurur. İstənilən halda sadə məntiq sms xəbərdarlığının hansı məqsədlə tətbiq olunduğunu ortaya qoyur. Burada söhbət vətəndaşların təhlükəsizliyini, sağlamlığını qorumaqdan gedir. Yoluxma halları ən çox kütləvi yerlərdə baş verir. Buraya marketlər və apteklər də daxildir. Təəssüflər olsun ki, insanlar bir çox hallarda qoruyuculardan istifadə etmir və ya sosial məsafəni gözləmirlər. Bu və ya digər marketdə kütlə sayı artır, nəticə etibarilə bir nəfərdə koronavirus varsa, daha çox insanın yoluxmasına səbəb olur. Amma sms xəbərdarlıqla müvafiq ərazilərdə olan marketlərə gediş-gəlişin sayının məhdudlaşdırılması mümkündür. İcazələr müvafiq ardıcıllıqla verilir ki, bir ərazidə marketə, aptekə daha çox insan toplaşmasın. Əslində bu prosesin özü də düşünürəm ki, kifayət qədər innovativ yanaşmadır. Azərbaycan bu məsələdə də fərqli bir yanaşma ortaya qoyduğunu sübuta yetirir".

Ekspert hesab edir ki, koronavirusla mübarizədə dövlət üzərinə düşən bütün vəzifələri yerinə yetirir: "Dövlət qurumları tam məsuliyyətlə çalışırlar. Tibb işçiləri, polislər və bütövlükdə bu prosesdə iştirak edən bütün dövlət qurumlarının nümayəndələri, Azərbaycanın peşəkar media nümayəndələri öz vəzifələrinin öhdəsindən layiqincə gəlirlər. Heç şübhə etmirəm ki, xüsusi karantin rejiminin tələblərinə əməl olunarsa və vətəndaşlarımız bu məsələdə daha məsuliyyətli davranış ortaya qoyarsa, biz koronavirusun daha geniş şəkildə yayılmasının qarşısını ala və bu bəladan tez bir zamanda qurtularaq yenidən əvvəlki həyatımıza qayıda bilərik".