• 25 Aprel 2024
logo
“Azərbaycan gündəlik test sayını min ədədə çatdırıb”

“Azərbaycan gündəlik test sayını min ədədə çatdırıb”

Aydın Quliyev: “Testlərin sayı çoxaldıqca yoluxmaların miqyası barədə daha dəqiq mənzərə ortaya çıxır”

Son günlər koronavirusa yoluxan insanların sayında artım sürətlənib. Ekspertlər hesab edirlər ki, aprel ayı xüsusilə təhlükəli bir dövrdür və karantin rejiminə tam əməl edilməlidir. Ölkəyə müasir labaratoriyalar gətirilib, dövlət bütün tədbirləri görür, amma vətəndaşların Nazirlər Kabinetinin qərarlarına əməl etməsi vacib şərtdir.
“Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi eskpert Aydın Quliyev “Xalq Cəbhəsi”nə bildirdi ki, Azərbaycanda koronavirusa yoluxma dinamikasında hiss olunan artım son günlərin təzahürüdür və bir sıra səbəblərə görə obyektiv və təsadüf olmayan prosesdir. Onun sözlərinə görə, ümumiyyətlə, virusa yoluxma prosesinin fərqli səviyyələrdə özünü göstərməsi hər bir ölkənin, regionun özəlliklərindən, hadisəyə qədər həmin toplumun həyat və yaşam bilgilərindən, adət - ənənələrindən, birgəyaşayış qaydalarından və s. kimi kompleks səbəblərdən xeyli olduğu özünü göstərdi: “Sözsüz ki, burada bir sıra fundamental obyektiv amillər də öz təsirini göstərir. Bəllidir ki, bu gün Azərbaycanda 550-dən çox virusa yoluxma faktı var. Bunun böyük hissəsi son günlərin artan dinamikası hesabına əldə olunub ki, əslində prosesın artan tendensiya ilə davam edəcəyini rəsmi qurumlar hələ öncədən demişdilər. Bu onu göstərir ki, ölkəmizdə yoluxma prosesinin mənbələri, dinamikası və tendensiyaları barədə rəsmi dövlət qurumlarının əlində tam bilgilər var. Bu məqam təhlükə ilə mübarizənin uğurla gedə biləcəyini söyləməyə əsas verir. Həm də prosesin artıq nəzarətdə olduğunu göstərir”.

“Virusun yayılma prosesinin məlum bir məntiqi var”

Aydın Quliyev əlavə etdi ki, ilk vaxtlar Azərbaycan əsasən Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi az sayda testlərlə işləyirdi və gündə cəmi 300-ə yaxın test həyata keçirə bilirdi: “Sonra ölkənin böyük maliyyə imkanları və daha çevik mübarizə mexanizmləri tətbiq etməsi daha çox testlər almağa imkan verdi. Nəticədə Azərbaycan gündəlik test sayını min ədədə çıxara bildi.Yəqin ki, sadə insanların bu rəqəmlərin mahiyyəti barədə o qədər geniş təsəvvürü yoxdur. Ancaq məntiq də təsdiqləyir ki, testlərin sayı çoxaldıqca yoluxmaların miqyası barədə daha dəqiq mənzərə ortaya çıxır. Təsəvvür edin ki, bu gün bizdə 1000 -dən çox test aparıldığı halda Ermənistanda hardasa bu rəqəm gündəlik 130-dan yuxarı qalxmır. Ancaq yenə də buna baxmayaraq Ermənistanda bu gün 750-dən çox yoluxma olduğu halda Azərbaycanda 550-nin üstündədir. Gürcüstanda da vəziyyət buna oxşardır. Demək, son günlər bizdə yoluxma dinamikası məhz bir çox ölkələrdən fərqli olaraq üstün sayda aparılan testlərin hesabına üzə çıxarılan reallıqdır. Təsəvvür edin ki, əgər Ermənistanın və ya Gürcüstanın Azərbaycan qədər test aparmaq imkanı olsa, bilirsinizmi hansı dəhşətli reallığın olduğunu görə bilərik?!
Digər tərəfdən, bəzi başqa ölkə və regionların da dinamikasına baxın. İlk əvvəllər Avropanın bir-iki ölkəsində virusun geniş yayıldığını görürdüksə, indi bütün qitə virusa təslim olub. Və ya Amerikanı götürək. Cəmi 3-4 həftə əvvəl az qala çoxları iddia edirdi ki, virusun səbəbkarı Amerika olduğu üçün özü kənarda qalıb və s. Ancaq bu gün ABŞ yolüxma və ölüm saylarına görə Çini də ötüb. Demək, virusun yayılma prosesinin məlum bir məntiqi var və həm də prosesin intensivliyi həqiqətən ölkə və regional xüsusiyyətlərdən asılıdır”.

“Artım dinamikası konkret səbəblərlə bağlıdır”

Ekspert diqqətə çatdırdı ki, Azərbaycanda son vaxtlar artımın başqa bir amili də var: “İlk əvvəllər Azərbaycana giriş-çıxışın tam nəzarətə alındığı dövrdə, ancaq ölkəyə əsasən xaricdən gətirilən yoluxma halları üzə çıxarılırdı. Lakin hazırda ölkənin içində də insanların bir-birini yoluxdurması faktları var. Razılaşaq ki, rəsmi orqanların böyük səylərinə baxmayaraq, ilk günlər heç də hamı məsafə saxlamaq, özünü təcrid etmək tələblərinə məsuliyyətlə yanaşmadı. Biz hələ bu gün demək olar ki, hamının özünü təcrid etməsini ən müxtəlif təsir vasitələri ilə lazımi vəziyyətə gətirə bilmişik. Məntiq onu göstərir ki, evlərdən çıxmamaq tələbinə maksimum əməl olunsa, bir neçə həftəyə yoluxma prosesi öz məntiqi pikinə çata və enməyə başlayar. Ancaq hamıdan və hər kəsdən maksimum məsuliyyətli yanaşma görəcəyimiz halda bu mümkün ola bilər. Bir sözlə, Azərbaycanda son vaxtlar yoluxmada artım dinamikası konkret səbəblərlə bağlıdır və eyni zamanda yaxın həftələrdə prosesin pik nöqtəsində dayanacağı ehtimalı da böyükdür”.

Əli