• 22 Sentyabr 2020
logo
“İnfeksiyaya yoluxanların sayının artması təbiidir”

“İnfeksiyaya yoluxanların sayının artması təbiidir”

Xanoğlan Əhmədov: “Ölkəyə ən müasir tibbi labaratoriyalar gətirilib”

İlyas Hüseynov: “Ölkə daxilində vətəndaşların bir-birini yoluxdurması halları artır”

Bu gün dünya gündəmini hələ ki, koronavirus (COVID-19) pandemiyası zəbt edib. Pandemiya müxtəlif ölkələrdə müxtəlif formalarda təzahür edir və fərqli nəticələrə səbəb olur. Azərbaycanda da son zamanlar yoluxma halları artıb. Bu səbəbdən də ehtiyatlı davranmaq və karantin rejiminə əməl etmək mütləq şərtdir.
“Media və Mülki Cəmiyyət” İctimai Birliyinin sədri Xanoğlan Əhmədov “Xalq Cəbhəsi”nə bildirdi ki, koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması üçün martın 31-dən karantin rejimi daha da sərtləşdirilib: “Bu da təhlükənin nə qədər real və ciddi olduğunun göstəricisi hesab edilməlidir. Doğrudur, pandemiyanın ölkəmizdə yayılmasının qarşısının alınmasına dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən əlavə tədbirlər müəyyənləşdirilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət qurumları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib. Ancaq bu qabaqlayıcı tədbirlər öz müsbət nəticəsini versə də, çox sürətlə yayılma qabiliyyətinə malik koronavirusa yoluxanların sayı hər gün artmaqda davam edir. Bu tendensiya ilə bağlı da sosial şəbəkələrdə müxtəlif müzakirəlrə açılır, mülahizələr irəli sürülür. Nəzərinizə çatdırım ki, dünya pandemiyaya qəfil yaxalandı. Belə olduqda təbii ki, ölkələrdə bu virusu aşkarlamaq üçün testlər aparılması ilə bağlı lazımi avadanlıqlar ya yetəri qədər deyildi, ya da yox idi. Ona görə də, bir sıra ölkələrdə olduğu kimi Azərbaycan da Ümumdünya Səhiyyə Təşkilatından məhdud sayda testlər alır və həmin dövrdə mövcud imkanlar çərçivəsində müayinələr aparılırdı. Amma sonradan Azərbaycan özü kifayət qədər testlər almağa başladı. Əvvəllər ölkədə gündə 200-300 test keçirilirdisə, hazırda mindən artıq müayinələr aparılır. Bütün bu faktorlar da koronavirus infeksiyasına yoluxma hallarının qeydə alınmasına yardımçı olur. Bu səbəbdən də, infeksiyaya yoluxanların sayının artması təbiidir. Ölkəyə ən müasir tibbi labaratoriyalar alınaraq gətirildi. İlkin dövrdə yalnız xaricdən gələn şəxslərdə aşkarlanırdısa indi ölkə daxilində insanların bir birini yoluxdurması hallarına rast gəlinir ki, bu da son dərəcə ehtiyatlı davranmağın zəruriliyini önə çəkir”. X.Əhmədov əlavə etdi ki, dünya ölkələrində baş verən proseslər göstərir ki, heç bir halda arxayınlaşmaq olmaz. Çünki İtaliya və İspaniyada yoluxma və ölüm halları sürətlə artdığı zaman Avropanın digər ölkələrində müəyyən qədər sakitlik var idi. Amma sonradan digər ölkələrdə də problemlər dərinləşdi. ABŞ-da pandemiya Avropadan gec başlasa da hazırda bu ölkədə kritik bir durum var. Görürük ki, virus sürətlə yayılır və ayrı-ayrı ölkələrdə fərqli nəticələr var. Bunun da müxtəlif səbəbləri mövcuddur. Təbii ki, bu qorxulu təhlükənin yayılmasının qarşısının alınmasında dövlət qurumları ilə yanaşı hər bir vətəndaşın və vətəndaş cəmiyyəti institutlarının da üzərinə böyük məsuliyyət düşür. Hamılıqla bütün imkanlarımızı bu istiqamətdə səfərbər etməliyik”

Politoloq İlyas Hüseynov isə diqqətə çatdırdı ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın 4 aprel tarixinə açıqladığı məlumata görə, Azərbaycan Respublikasında 78 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Onun sözlərinə görə, bu rəqəm indiyə kimi açıqlanan rəqəmlər arasında rekord göstəricidir: “Virusa yoluxma hallarının azalmasını gözlədiyimiz anda bu rəqəmin açıqlanması bizi məyus edir. Çünki virusun yayılmasının qarşısını almaq və onu lokallaşdırmaq üçün dövlət tərəfindən mühüm qərarlar qəbul edilir. Nazirlər Kabineti yanında Operativ Qərargah 24 saat işləyir. Digər ölkələrin təcrübəsinə baxanda görürük ki, bizim ölkədə vaxtında qəbul edilmiş preventiv tədbirlər COVİD-19 virusunun daha geniş coğrafiyaya yayılmasının qarşısını aldı. Məhdudlaşdırıcı qaydaların tətbiq olunması və bu qaydalara polis tərəfindən nəzarətin artırılması, cərimələrin tətbiq olunması virusa yoluxma hallarının kəskin şəkildə aşağı salınmasına gətirib çıxarmaq üçündür. Heç bir əsas olmadan küçəyə çıxan məsuliyyətsiz insanlara qarşı mübarizəni daha da artırmaq tələb olunur”.
Ekspert əlavə etdi ki, Azərbaycan xaricdən yeni və ən müasir tələblərə cavab verən labaratoriyalar alıb: “Səhhətində narahatlıq olan hər bir vətəndaşımız testdən keçə bilər. Bunun üçün xəstəxanaya və poliklinikaya gəlmək də tələb olunmur. Virusun inkubasiya dövründə vətəndaş nə qədər tez müraciət etsə, onun həyatını bir o qədər tez xilas etmək mümkün olar. Qeyd etmək lazımdır ki, hazırkı dövrə kimi ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 555 şəxsdən 32 nəfəri müalicə olunaraq sağalıb. Koronavirus testindən pozitiv keçən vətəndaşlar sağlamlığı üçün peşəkar və fədakar həkimlərimiz gecə-gündüz çalışır. Yenicə istifadəyə veriliş “Yeni klinika”-da COVİD-19 infeksiyası ilə mübarizə aparmaq üçün dünya standartlarına cavab verən müasir şərait var”.

İ.Hüseynov deyib ki, virusun inkubasiya dövrünün uzun müddət – 28 gün çəkməsi COVİD-19 infeksiyasının təhlükəlilik xarakterini artıran ən mühüm amillərdən hesab olunur: “Bu virusla mübarizə üçün sadə gigiyenik qaydalara riayət etmək və əlləri tez-tez yumaq tələb olunur. Bu gün bütün dünyada evdə qalmaq və zərurət olmadan küçəyə çıxmamaqla bağlı tanınmış şəxslər vətəndaşlara çağırış edirlər. Səhhətində müəyyən narahatlıq hiss edən vətəndaşların dərhal həkimlərə müraciət etmələri cəmiyyətdəki digər insanların da qorunmasına şərait yaradır.
Rəsmi xəbərlərdə ilkin dövrdə yalnız xaricdən gələn vətəndaşlarda virus aşkarlanırdısa, indi ölkə daxilində vətəndaşların bir birini yoluxdurması halları artır. Hətta həndəsi silsilədə virusa yoluxanların sayının artması vəziyyəti daha da çətinləşdirir. Daxili yoluxma hallarının olması artıq potensial olaraq vətəndaşlarımızın sağlamlığı üçün böyük təhdiddir. Buna görə də Ümümdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında Operativ Qərargahın məhudlaşdırıcı tələblərinə riayət etmək lazımdır. Bu tələblərə riayət edək ki, həm özümüzü, həm də xalqımızı qoruya bilək”.

Əli