Akif Aşırlı: “İnsanlar Nazirlər Kabinetinin verdiyi qərarlara uymalıdırlar”
İlqar Vəlizadə: “Bəşəriyyət indiyə qədər bu cür təhlükəli xəstəliklə üzləşməyib”
COVİD-19 pandemiyası ilə əlaqədar olaraq bütün dünyada həyəcan təbili çalınır. Dünya hazırda iflic vəziyyətindədir. Pandemiya dövlətlərarası münasibətlər sistemindən tutmuş insanların davranış tərzinə qədər hər şeyə təsir edib. Bu gün prioritet məsələ insanların sağ qalmasıdır. Dövlətlər də məhz bunu əsas götürərək hər şeyi arxa plana atır, öz vətəndaşlarının həyatını qorumağa çalışır.
“Nazirlər Kabinetinin verdiyi qərarlara uymalıdırlar”
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı “Xalq Cəbhəsi”nə bildirdi ki, bütün dünya dövlətləri kimi Azərbaycan da çox ciddi və təhlükəli bir mərhələyə qədəm qoyub. Dövlətin xəbərdarlıqlarına baxmayaraq, məsuliyyətsiz insanlara rast gəlinir. Müşahidələrimə əsasən deyə bilərəm ki, ciddi xəbərdarlıqlar edilməsinə rəğmən, yenə də insanların özlərini təhlükəyə atmasının şahidi oluruq. Küçədə maskasız gəzən, hətta vacib işi olmasa belə küçəyə çıxan insanları görürük. Hesab edirəm ki, bu cür davranışlara son qoyulmalıdır. Onlar anlamalıdırlar ki, bu cür məsuliyyətsiz davranışlar həmin insanların özlərindən başqa ətrafa, ailələrinə, cəmiyyətə də çox ziyan verir. Bunun məsuliyyətini dərk etməlidirlər. İnsanlar məsuliyyətli olmalı, belə çətin məqamda Nazirlər Kabinetinin verdiyi qərarlara uymalıdırlar. Hamı bir-birinə dəstək olmalı və heç kəs lazım olmadığı halda evdən çıxmamalıdır. Məhz bu cür davranış bizi təhlükələrdən qoruya, sığortalaya bilər”.
“İnsanların hərəkətlərindən çox şey asılıdır”
Politoloq İlqar Vəlizadə “Xalq Cəbhəsi”nə bildirdi ki, məsuliyyətsiz davranan insanlar cəmiyyət üçün təhlükəyə çevrilirlər. Belə insanlar hələ dərk eləmirlər ki, cəmiyyət üçün təhlükəli insan kateqoriyasına çevrilməklə sanki məişət zəminində cinayət törədirlər. Əlbəttə bu cür məsuliyyətsiz halların sayı çoxalarsa dövlət daha sərt addımlar atmağa məcbur qalacaq. Bu digər insanların da davranış imkanlarını daha da məhdudlaşdırmağa gətirib çıxaracaq. Belə vəziyyətdə əlbəttə ki, diqqətli olmalıyıq. Belə insanlara tövsiyəm odur ki, televiziyanı izləsinlər, internet resurslarında bu barədə gedən yazıları oxusunlar. Çünki bu dünyada görülməmiş bir pandemiyadır. Bəşəriyyət indiyə qədər bu cür təhlükəli xəstəliklə üzləşməyib. Müasir tarixdə belə bir şey olmayıb. Ona görə də insanların hərəkətlərindən çox şey asılıdır. Bu baxımdan vətəndaşlar ehtiyatlı davranmalı və qəbul edilən qərarlara ciddi riayət etməlidirlər”.
Əli