• 28 Mart 2024
logo
QHT sədri çağırış etdi: Gəlin, təhlükədən qorunmaq üçün evdə qalaq

QHT sədri çağırış etdi: Gəlin, təhlükədən qorunmaq üçün evdə qalaq

Dünyanın ən bahalı məhsulu informasiya hesab edilir. İnformasiya kimdədirsə əsl güc də ondadır. Bu gün koronavirusla “müharibə” şəraitində informasiyanın nə dərəcədə vacib olduğunun bir daha şahidi oluruq. Məsələlərə konspiroloji nöqteyi nəzərdən yanaşdıqda görürük ki, əgər bu virus laboratoriya şəraitində hazırlanaraq bioloji müharibə aləti kimi istifadə edilirsə bununla paralel olaraq bütün informasiya məkanı da məqsədyönlü istiqamətləndirilir və idarə edilir. Bu istiqamətləndirmə əsasən cəmiyyət arasında təşvişin yaranması, həyəcan və emosianal hallarda yalnış qərarların verilməsi və bu “virus hücumu”nun fəsadlarının daha da çox artmasına xidmət edir. Bu cür yanaşmalar adətən ehtimallar üzərində qurulur və ciddi dəlillər olmadan müəyyən versiyalar və təsadüfi informasiyalar üzərində ortaya atılır.

Koronavirus peyda olan gündən ortalığa çıxan informasiyaların axışını və reallıqda onların tətbiqinə nəzər salarsaq görərik ki, ciddi nüfuzu olan konspiroloqların verdikləri proqnozlar belə tədricən reallıqda əksini tapmır və nəticədə həmin ekspertlər nüfuzdan düşürlər. Məsələyə real tibbi-infeksioloji yanaşma prizmasından baxdıqda isə məlum olur ki, bu virusun fəsadları əsasən yüksək yaşlı və sağlamlığında ciddi problemləri olan insanları sıradan çıxardır. Bunun üçün də ciddi tibbi araşdırmalar aparılmalı və bu virus əleyhinə olan dərman və peyvəndlər kəşf edilməlidir. Bundan başqa ölkənin administrativ rəhbərliyinin bu cür epidemiya (pandemiya) hadisələri üçün müəyyən edilmiş normativlərlə bağlı qərarlarına riayət olunmalıdır.

Bütün dünya hazırda bu virusla mübarizə aparır. Bunun ortalığa çıxma səbəbi ümumi nəticələr fonunda ikinci dərəcəli hesab edilir. İlk öncə bu virusun qarşısı alınmalı, insan tələfatı tamam dayandırılmalıdır. Bir daha deyirəm ki, əsas məqam insan tələfatının qarşısının alınmasıdır!

Artıq bu dəqiqdir ki, 21-ci əsr dünyası 20-ci əsr təfəkkürü ilə idarə edilməyəcək. Əsas amil bu virusun yayılması dövründəki fəsadlardan daha çox bundan sonrakı dövrdə dünyanın siyasi, iqtisadi, sosial, humanitar sistemlərindəki təzahürləridir. Biz buna hazır olmalıyıq! Bunun üçün isə iti zəkalı insanlar, analitiklər, sosioloqlar, psixoloqlar, bir sözlə yüksək ixtisaslı kadrlar olmalıdır. Dünya dövlətlərinin rəhbərlərinin müraciətlərində də açıq mətnlə bildirilir ki, dünya bundan sonra heç bir zaman əvvəlki kimi olmayacaq! Bu bəyanatlar ümumi ölüm göstəricisi 4,5-5% olan bir virusun nəticəsinə hesablanmış bəyənatlara oxşamır. Ölkə başçımız cənab İlham Əliyev də dünyada gedən prosesləri aydın müşahidə edərək Novruz bayramı ilə bağlı xalqa təbrikində açıq bildirdi ki, dünya əvvəlki dünya olmayacaq və biz bu çağırışlara hazırlıqlı olmalıyıq!

Tam konspiroloji düşünərək məsələni ciddiyə almamaq, bu virusun bir “oyun” olduğunu düşünərək “koronavirus mənə heç nə edə bilməz” deyərək məsul şəxslərin evlərdə qalmaqla bağlı çağırışlarını qulaqardına vurmaq qətiyyən yolverilməzdir! Ortada bir fakt vardır ki, bu virus öldürücüdür. Digər tərəfdən də ümidsizliyə, təlaşa qapılaraq da tam fəaliyyətsiz də olmaq, həyatını tamam “söndürmək” də yolverilməzdr! Bu bir virusdur və bununla ağıl, məntiq və elmi əsaslarla mübarizə aparılmalı və buna qalib gəlinməlidir.

Əslində məni başqa bir məqam da narahat edir. Bu virus ortalığa çıxdıqdan sonra ölkəmizin müxtəlif kateqoriyalarından olan insanlarının heç bir dəlilə əsaslanmayan fikirləri, yazıları insanlarımızı əsas hədəfdən yayındırılmasına xidmət edirdi. Sosial şəbəkələrdə olan postlar, mobil telefon proqramlarından yayılmış səs və foto materiallar gülüş doğurmaqla yanaşı insanların məsələyə düzgün qiymət verməsinə mane olurdu. Yuxarıda qeyd etdiyim kimi əsas alət informasiyadır. Bu informasiya düzgün istiqamətləndirilməlidir. Əks təqdirdə bu dezinformasiya olur və cəmiyyəti çaşdırır. Bu həssas dövrdə insanlarımızın bütün hallarda ciddi olmaları tələb olunur.

Bir daha deyirəm ki, bu virusun hansı məqsədlə ortalığa çıxmasından asılı olmayaraq buna qarşı mübarizədə boşluq buraxmaq olmaz. Çünki bu virusun fəsadlarının ağırlaşacağı və ya məhv olacağı ilə bağlı əlimizdə ciddi dəlil-sübut yoxdur. Buna görə də bu məqamda dövlətin idarəçilərinin əmr, tapşırıq və göstərişləri icra edilməlidir! Evdə qalmaq tələb edilirsə evdə qalınmalıdır, küçələrə çıxmaq tələb edilərsə küçələrə çıxılmalıdır!

QHT sədri olaraq ölkəmizdə bu virusla mübarizə tədbirlərinə diqqət edərkən müşahidə edirəm ki, məsələlər ciddi nəzarətə götürülmüşdür. Ardıcıl verilmiş qərarlar insanlarda təşviş yaratmamağa və rasional düşüncə ilə bu virusla mübarizəyə fokuslanmışdır. Ölkə başçısı tərəfindən təsis edilmiş Koronavirusla Mübarizəyə Dəstək Fondu və bu fonda xalqımızın göstərdiyi dəstək, daha sonra böyük bir klinikanın istifadəyə verilərək koronaviruslu xəstələrimizin müalicəsi üçün ayrılması, xalqımızda birlik və bərabərlik, eyni zamanda həm bizim dövlətimizin, həm də bütün dünyanın ümumi “düşmən”i olan koronavirusla mübarizədə “Biz birlikdə güclüyük!” şüarının irəli sürülməsi qürurverici addımlardır.

Təxminən on ildir ki, biz insanımızın sağlam qidalarla qidalanması və immun sisteminin gücləndirilməsi ilə bağlı apardığımız təbliğatın bu gün nə qədər aktual olduğunun şahidi oluruq. Artıq hər birimiz üçün aydındır ki, düzgün qidalanmamağın nəticəsində insan bədəninin immun sisteminin zəifləməsi ilə bu virus özü üçün münbit bir şərait əldə edir.

Nəticədə isə insanlarımız bunun ağır fəsadlarının qurbanına çevrilir. Həmişə qeyd etmişəm və bir daha təkrar etməyi özümə borc bilirəm ki, insan nə ilə qidalanırsa, odur! Bu günlərdə ən əsas məqam evdə oturarkən immun sistemimizi gücləndirən qidalarla-təbii qidalarla qidalanmalıyıq. Bu məqamda onu da qeyd edim ki, insanın immun sistemini zəiflədən amillərdən biri də təlaş, həyəcan və panikadır. Buna qətiyyən yol vermək olmaz. Bu insanda ruh düşkünlüyü və ümidsizlik yaradır və nəticədə o istənilən xəstəlik üçün “münbit bir məkan”a çevrilir. Ümid edirəm ki, bundan sonra ölkəmizdə ekoloji təmiz məhsul istehsalı daha da vüsət alacaq, həm yerli, həm də xarici bazarlara çıxara biləcəyimiz milli orqanik məhsullar istehsal ediləcəkdir!

Bizim birlikdə bu günə qədər hansı uğurları əldə etdiyimizi müəyyən etmək üçün üçrəngli bayrağımıza baxmağımız kifayət edər! Gəlin evdə qalaq! Evdə olmaq fürsətindən istifadə edərək ailəmizlə, valideynlərimizlə, övladlarımızla daha sıx ünsiyyətdə olaq, evdə qalaraq vaxtımızı televizor qarşısında “öldürməyək”, sosial şəbəkələrdə ömrümüzü “çürütməyək”, daha çox fərdi inkişafa diqqət edək, oxuyaq və bu “pandemiya” fəlakətindən həm fərd, həm cəmiyyət, həm dövlət kimi güclü çıxaq! Biz birlikdə güclüyük!

Emin Əliyev
Ekoloji təmiz məhsul istehsalçıları və ixracatçıları İctimai Birliyinin sədri