• 27 İyul 2024
logo
2026-cı ilə qədər 140 min nəfər doğma torpağına qayıdacaq

2026-cı ilə qədər 140 min nəfər doğma torpağına qayıdacaq

Sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, bu gün bu region Azərbaycanın bütün Qarabağ bölgəsi kimi, sıfırdan yenidən inşa edilir. Prezident bildirib ki, Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb. Ağalı “ağıllı kəndi”nə. Orada sakinlər xoşbəxt yaşayırlar: “Mən Ağalı kəndində dəfələrlə olmuşam - sakinlərin qayıdışından əvvəl və sonra. Mən onun şahidi oldum ki, oraya qayıdan insanlar öz köklərinə nə dərəcədə bağlıdırlar. Heç zaman öz vətənini görməyən gənc nəsil qayıdıb. Bu, onu nümayiş etdirir ki, Azərbaycan xalqı öz köklərinə necə dərindən bağlıdır. Bütün keçmiş məcburi köçkünlər səbirsizliklə gözləyirdilər ki, bizim torpaqlar azad edilsin və onlar qayıtmaq imkanına malik olsunlar. Onlar bu imkandan 30 il ərzində Ermənistan tərəfindən məhrum edilmişdi. Ancaq üç il əvvəl biz bu işğala son qoyduq.
Bu gün Zəngilan beynəlxalq tədbirə ev sahibliyi edir. Bu, yenidən inşa edilmiş Konqres Mərkəzi dünən açılıb. Təkcə bu bina deyil, Zəngilanın müxtəlif istiqamətlərində fəal işlər gedir. Dediyim kimi, ilk “ağıllı kənd” Zəngilan rayonunda yerləşir. Bu şəhərin Baş planı artıq təsdiq edilib. Biz infrastruktura böyük vəsait ayırmışıq, bir neçə yaşayış layihəsi icra edilməkdədir. 2025-ci ildə, ola bilər bir az da tez, Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar...”
Prezident daha sonra qeyd edib ki, biz Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçiririk. “Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir: “Hesab edirəm ki, Zəngilan gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə töhfə verəcək. Artıq 6000 baş anqus cinsindən olan qaramal idxal edilib, onların sayı 10 minə çatdırılacaq. Burada, Laçın və Kəlbəcərdə də böyük yaşıllıq ərazilər var və hər zaman, keçmişdə də bu ərazidə maldarlıq inkişaf etmişdir. Ona görə də burada bu potensial var. Eyni zamanda, yeni iş yerləri yaradılır, çünki buraya - evlərinə, Vətəninə qayıdan insanlar işlə təmin edilməlidir. Bizim Böyük Qayıdış Proqramımızın bir tərkib hissəsi də məşğulluqdur, eyni zamanda, aşağı faizli, imtiyazlı kreditlərin verilməsi və təbii ki, sosial infrastrukturun inşası. Zəngilanda artıq böyük bir məktəb binası inşa edilməkdədir. Zəngilan məscidinin inşası yekunlaşır. O, ermənilər tərəfindən məhv edilən qədim məscidin yanında inşa edilib. Bizim işğal altında olmuş bütün torpaqlarımızdakı 67 məsciddən 65-i məhv edilmişdir, 2-si isə yarı dağıdılmış vəziyyətdə olmuşdur. Bu isə, əlbəttə, Azərbaycana qarşı urbisid və kultursidin təzahürüdür. Bu gün isə bu torpağın sahibləri, əsl sahibləri qayıdıb, sürətli inkişaf baş verir. Böyük Qayıdış Proqramı haqqında danışarkən deyə bilərəm ki, həmin proqram bütün azad olunmuş ərazilərin bərpasını əhatə edir. Təkcə bərpa etmək deyil - burada müasir texnologiyalar, “ağıllı şəhər” və “ağıllı kənd”lər inşa olunur. Burada ən müasir şəhərsalma nümunələri istifadə edilir”.
Prezidentin sözlərinə görə, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bu günədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırdığımız minimum büdcə 2,4 milyard ABŞ dolları olacaqdır: “Bu, təbii ki, parlamentdə yenidən müzakirə ediləcək və dediyim kimi, Azərbaycan bunu öz şəxsi dövlət vəsaiti hesabına həyata keçirir. Biz heç bir maliyyə dəstəyi, heç bir maliyyə yardımı almırıq. Burada istisna iki qardaş ölkədir – Özbəkistan və Qazaxıstan prezidentləri çox səxavətli şəkildə bizə biri məktəb, biri isə incəsənət mərkəzini hədiyyə edib. Özbəkistan Füzulidə məktəb tikdi, digəri isə yekunlaşmaq üzrədir. Yəni, bu, Azərbaycan üçün çox böyük maliyyə yüküdür. Ancaq Böyük Qayıdış Proqramının icrası bizim üçün bir nömrəli vəzifədir”.
Böyük Qayıdış Proqramı və onun icrası artıq imkan verib ki, keçmiş məcburi köçkünlər Laçın, Füzuli şəhərinə, Ağalı, Talış və Zabux kəndlərinə qayıtsınlar. Bu gün 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiqlənib və 30 kəndin təməli qoyulub. Qarşıdan gələn illərdə çox böyük, irihəcmli yaşayış layihələri həyata keçiriləcək, xüsusən də Şuşa və digər şəhərlərdə. Bu, bizim proqramın tərkib hissəsidir.
Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində 2026-cı ilə qədər 140 min nəfərin doğma torpağına, evlərinə köçürülməsi planlaşdırılıb. Əhali üçün həmin ərazilərdə yeni yaşayış binaları inşa edilərək onların istifadəsinə verilir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin Goranboy rayonunda müvəqqəti məskunlaşmış, Xocalı və Xankəndidən olan məcburi köçkünlərlə keçirdiyi görüşdə deyib ki, artıq Xankəndiyə qayıdış üçün hazırlıq işlərinə başlanılıb.
44 günlük Vətən müharibəsindən və Qarabağ iqtisadi rayonu ərazisində aparılan 1 günlük lokal antiterror tədbirlərindən sonra yaranan vəziyyət, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış üzrə I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası, doğma torpaqlara geri dönüşün gedişi barədə görüş iştirakçılarına ətraflı məlumat verilib. Qeyd edilib ki, bölgədə sülh və reinteqrasiya şəraitində yaşamaq, dayanıqlı məskunlaşmaq və iqtisadi dirçəlişi təmin etmək üçün əlverişli imkan yaranıb.
Məcburi köçkünlük dövründə xocalılıların və xankəndililərin dövlət qayğısı ilə əhatə edildikləri, onların sosial müdafiəsinin və mənzil-məişət problemlərinin həllinin diqqət mərkəzində olduğu vurğulanıb, bu məsələlərə Prezident İlham Əliyevin də, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da xüsusi həssaslıqla yanaşdıqları minnətdarlıq hissi ilə vurğulanıb. İşğaldan azad edilmiş ərazilərin dirçəlişinin, bərpasının və yenidən qurulmasının, Böyük Qayıdış proqramı üzrə tədbirlərin sürətlə həyata keçirilməsinin, indi isə Xocalıya və Xankəndiyə geri dönüş imkanının yaramasının böyük ruh yüksəkliyi doğurduğu bildirilib.
İşğaldan azad olunmuş ərazilərdə irimiqyaslı layihələrin həyata keçirildiyi, dağıdılmış şəhər və kəndlərin yenidən bərpa edildiyi, əhalinin rahat yaşayışının təmin edilməsi üçün zəruri infrastrukturun qurulduğu, məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının təmin edilməsi üçün bütün tədbirlərin görüldüyü diqqətə çatdırılıb. Dövlət Komitəsinin sədri işğaldan azad edilmiş digər ərazilər kimi, Xocalıya və Xankəndiyə də Böyük Qayıdışın səmərəli şəkildə təşkili ilə bağlı hazırlıq işlərindən, dövlət başçısının bu barədə verdiyi tapşırıqlardan danışıb, görüş iştirakçılarının rəy və mülahizələrini dinləyib, suallarını cavablandırıb.
İqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov bildirib ki, Qarabağda və Şərqi Zəngəzur iqtisadi rayonlarında əsas prioritet inkişaf sahələri kənd təsərrüfatı, turizm, dağ-mədən sənayesi və logistikadır.
"Bizim əsas məqsədimiz işğaldan azad edilmiş ərazilərdə iqtisadi fəaliyyət problemini həll etməkdir. Bu məqsədlə Ağdam və Cəbrayıl rayonlarında sənaye parkları yaradılıb. Bu ərazilərdə iqtisadi fəaliyyəti stimullaşdırmaq üçün dövlət Şərqi Zəngəzur və Qarabağda xüsusi imtiyazlar paketi hazırlayıb", - o qeyd edib.
Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov isə qeyd edib ki, Şuşa şəhərində ilk yaşayış kompleksinin inşası bu ilin sonunda yekunlaşacaq.
"Bundan sonra qısa müddətdə biz ilk olaraq 400-ə yaxın ailənin Şuşaya köçürülməsini təmin edəcəyik. Amma gələn il daha 17 min nəfər üçün nəzərdə tutulan yaşayış kompleksinin inşasına başlanılacaq. Prosesin qısa müddətdə yekunlaşmasına çalışacayıq", - deyə o qeyd edib.
Prezident İlham Əliyevin sentyabrın 28-də təməlini qoyduğu Zəngilan rayonunun Alıbəyli kəndində 2 568 sakin üçün 498 fərdi evdən və 144 mənzildən ibarət 2-3 mərtəbəli bloklaşdırılmış evlərin layihələndirilməsi nəzərdə tutulur.
Məlumata görə, kənd Həkəri çayının sahilində, Bərgüşad silsiləsinin ətəyində, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun üzərində yerləşir. İşğaldan azad olunmuş ərazilərin ümumi planına əsasən, Alıbəyli kəndi Birinci Alıbəyli, İkinci Alıbəyli, Sarıl və Xumarlı kəndləri ilə birlikdə layihələndirilir. Kəndin mövcud məskunlaşma ərazisi 103,5 hektar sahəni əhatə edir. Layihələndirilən ərazinin sahəsi isə 170,3 hektardır. Birinci mərhələdə 772 sakin üçün 197 fərdi evin layihələndirilməsi və tikilməsi planlaşdırılır. Kənddə inzibati bina, klub icma mərkəzi və qonaq evi, idman sağlamlıq mərkəzi, məktəb binası, bazar kompleksi, mərasim zalı, iaşə obyektləri və digər müəssisələr olacaq. Kənddə əhali üçün tələbata uyğun ümumilikdə 462 şagird yerlik iki tam orta məktəb binasının tikintisi planlaşdırılır. Birinci mərhələdə 143 şagird yerlik məktəb binası inşa olunacaq. Üçmərtəbəli məktəbin ərazisində həm şagirdlər, həm də əhali üçün qaçış zolağı olan geniş idman meydançasının yaradılması nəzərdə tutulur. Kənddə məskunlaşacaq əhali üçün ümumilikdə 160 yerlik iki uşaq bağçası da inşa olunacaq.
Əhalinin resurslardan istifadəsini əlçatan etmək məqsədilə geniş istifadə olunan qeyri-yaşayış obyektləri bir neçə mövqedə yerləşdirilib. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Aqil Qurbanov isə deyib ki, Prezident İlham Əliyevin sentyabrın 28-də təməlini qoyduğu Zəngilan rayonunun Zəngilan kəndində 1 631 sakin üçün 306 fərdi evin və 102 mənzildən ibarət 2-3 mərtəbəli bloklaşdırılmış evlərin tikilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, birinci mərhələdə Zəngilan kəndinə 489 sakinin köçürülməsi üçün 127 fərdi ev tikiləcək. Zəngilan kənd inzibati ərazisinə daxil olan bu kənd şəhər mərkəzindən 3,1 kilometr məsafədə, Oxçu çayın sahilində, Zəngilan-Mincivan yolunun üzərində düzənlik ərazidə yerləşir. Baş plana əsasən, Zəngilan kəndi İçəri Müşlan və Məlikli kəndləri ilə birlikdə layihələndirilib. Kəndin layihələndirilən ümumi ərazi 111,3 hektardır. Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi və çoxfunksiyalı bina, bazar kompleksi, idman sağlamlıq mərkəzi, tibb məntəqəsi, mərasim zalı və qonaq evinin tikintisi planlaşdırılıb. Burada əhalinin məşğulluğu üçün hər cür şərait yaradılacaq. Bu kənddə də əhalinin resurslardan istifadəsini əlçatan etmək məqsədilə geniş istifadə olunan qeyri-yaşayış obyektləri bir neçə mövqedə yerləşdiriləcək. Zəngilan kəndində 294 şagird yerlik tam orta məktəb, 60 və 40 yerlik iki uşaq bağçası da inşa olunacaq.

Cavid