Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul üzrə keçirilən müsahibələr və vətəndaşların qəbulu müvəqqəti dayandırılır.
DİM-dən verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin koronavirus təhlükəsi ilə əlaqədar dövlət qurumlarına göndərilən 2020-ci il 16 mart tarixli məktubuna əsasən martın 18-dən etibarən dövlət qulluğuna qəbul olmaq üçün namizədlərlə təyin olunmuş müsahibələr (o cümlədən aprelin 12-də inzibati icraçı vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı) təxirə salınır. Müsahibələrin və imtahanın keçirilmə vaxtı barədə əlavə məlumat veriləcək.
Aprelin 5, 12 və 19 tarixlərinə aid buraxılış imtahanları təxirə salındığına görə əvvəlki illərin məzunları üçün aprelin 26-da keçirilməli olan imtahan da digər bir tarixdə keçiriləcək.
Bundan əlavə, Nazirlər Kabinetinin müvafiq məktubuna əsasən Dövlət İmtahan Mərkəzində martın 17-dən etibarən vətəndaşların qəbulu da dayandırılır.
Vətəndaşların müraciətləri 1653 “Çağrı mərkəzi” vasitəsilə cavablandırılacaq. Vətəndaşlar Mərkəzin [email protected] elektron poçt ünvanına da müraciətlərini yaza, həmçinin məlumat almaq üçün DİM-in saytı (dim.gov.az) və sosial şəbəkələrdəki (“Facebook”, “Instagram”, “Twitter” “Telegram”) hesablarını izləyə bilərlər.