• 17 Yanvar 2021
logo
Klassik efir məkanı ilə bağlı daha geniş qanunvericilik bazasına ehtiyac var - Deputat

Klassik efir məkanı ilə bağlı daha geniş qanunvericilik bazasına ehtiyac var - Deputat

İnformasiya təhlükəsizliyi Azərbaycanın milli təhlükəsizliyinin komponentlərindən biridir.

Bunu millət vəkili Hikmət Babaoğlu Milli Məclisin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.

H.Babaoğlu bildirib ki, bu gün Azərbaycanın informasiya təhlükəsizliyini təhdid edən əsas mənbə sosial şəbəkələrdir: "Bununla bağlı tez-tez qanunvericiliyə dəyişiklik edirik. Ancaq bizim klassik informasiya məkanımız, radio və televiziya efirimiz var. Düşünürəm ki, növbəti mərhələdə biz bu istiqamətdə də qanunvericilik bazasını təkmilləşdirməliyik. Bu nədən ibarətdir?! Misal üçün, Bakıdan 100 km kənarda radio efir dalğaları pozulur. Bəzən qısa məsafələrdə də bu, belə olur.

Biz Bakıdan uzaqlaşan zaman başqa ölkələrin radio dalğlarına qulaq asmalı oluruq. Düşünürəm ki, həm virtual məkanda, həm də klassik efir məkanında bütün münasibətləri tənzimləyəcək və bu təhlükələri aradan qaldıracaq geniş qanunvericilik bazasına ehtiyac var. Ümid edirəm ki, növbəti mərhələdə biz bunun öhdəsindən gələcəyik”.