• 19 Aprel 2024
logo
Ətraf mühitin qorunması Azərbaycan dövlətinin prioritet vəzifələrindəndir

Ətraf mühitin qorunması Azərbaycan dövlətinin prioritet vəzifələrindəndir

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1972-ci il 15 dekabr tarixli qərarına əsasən, iyun ayının 5-i Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü elan edilib. Bu gün dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da hər il qeyd olunur. Azərbaycanda da ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq, qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi və həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi bu gün də Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətləridir. Ekoloji vəziyyətin sağlamlaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində son bir neçə ildə xeyli işlər görülüb, uzun illər ərzində yaranmış və müstəqil Azərbaycana miras qalmış ekoloji problemlər təhlil edilərək, onların kompleks həllinə yönəldilən Milli və Dövlət Proqramı təsdiq edilib, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində hüquqi baza təkmilləşdirilib.
Ölkə rəhbərliyinin ekologiya ilə bağlı məsələləri daim diqqət mərkəzində saxlaması ətraf mühitin yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük təkan verib, bu sahədə iri layihələr uğurla həyata keçirilib və hazırda da davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu ili “Ekologiya ili” elan etməsi ölkə vətəndaşlarının, ekoloji problemlərin həlli ilə məşğul olan dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının, hüquq-mühafizə orqanlarının, kütləvi informasiya vasitələrinin qarşısında mühüm vəzifələr qoyur. Biz hamılıqla Azərbaycanın flora və faunasının qorunması qayğısına qalmalı, torpaqlarımızın məhsuldar, sularımızın təmiz, havamızın saf olması üçün əlimizdən gələni etməliyik. Biz bütün bu işləri hansısa kampaniya xatirinə görməməli, özümüzün vətəndaşlıq vəzifəsinə çevirməliyik.
Eyni zamanda ekoloji siyasətə dair ilk sənəd kimi “Dayanıqlı inkişaf” prinsiplərinə əsaslanan “Azərbaycan Respublikasının ekoloji Konsepsiyası” qəbul olunub. Konsepsiyada ölkə üçün ətraf mühitin mühafizəsi baxımından üstün əhəmiyyətli olan problemlərin həlli üzrə əsas prinsiplər öz əksini tapıb. Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın “Hərəmiz bir ağac əkək” devizi ilə keçirilən aksiyalarda milyonlarla yeni ağac və kolların əkilməsi də ekologiya və ətraf mühitin mühafizəsi baxımından çox böyük əhəmiyyətə malikdir.
Ekoloji problemlərə düzgün yanaşma cəmiyyətimizin köklü maariflənməsini tələb edir. Davamlı gələcək naminə hamımız birləşərək bu problemlərin aradan qaldırılmasına yardım etməliyik. Heydər Əliyev Fondu və İDEA İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycanın təbiətinin qorunmasına yönələn çoxsaylı layihələr həyata keçirilib. Ölkəmiz iqtisadi cəhətdən inkişaf etdikcə ekoloji problemlərin həllinə diqqət daha da artır. Azərbaycan beynəlxalq aləmə inteqrasiya edir, ətraf mühitin qorunması üzrə konvensiyalara qoşulur və üzərinə öhdəliklər götürür. İDEA İctimai Birliyinin təşəbbüsü ilə 2014-cü ildə Qafqazın biomüxtəlifliyi üzrə beynəlxalq sammit keçirilmiş və bu regionda Qafqaz leopardlarının qorunması məsələsini gündəmə gətirib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə biomüxtəlifliyin qorunmasına yönələn “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və təbii areallarının yenidən bərpası” layihəsi həyata keçirilmişdir.
Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə meşə fondu torpaqlarının ümumi sahəsi 260 min hektar olub. İşğala qədərki dövrdə həmin ərazilərin 228-230 min hektara yaxını meşə örtüklü ərazilər idi. Təəssüf ki, ən çox zərər çəkən sahələrimiz məhz meşələrimiz olub. Bu meşələr məqsədli şəkildə yandırılıb, istismar edilib. 54 min hektardan çox ərazi tamamilə məhv olunub. Əlbəttə ki, seyrəldilmiş ərazilərimiz də var. Bunlar da min hektarlarla ərazini əhatə edir. Bir hektara min ağac sayı ilə götürsək, bu, 54 milyon ağacın məhvi deməkdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əsas prioritetlərindən biri də azad edilmiş ərazilərdə meşəbərpa işlərinin aparılması və həmin istiqamətdə həyata keçirilən layihələrdir. Ötən il 100 hektara yaxın ərazidə yeni meşə zolaqlarının salınması və meşəbərpa işləri aparılıb. Bu il də 100 hektara yaxın ərazidə həmin tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Ölkəmizdə həyata keçirilən reintroduksiya layihələri azad edilmiş ərazilərdən də yan keçməyib. Belə ki, ötən ilin oktyabrında Prezident İlham Əliyevin iştirakı ilə Cəbrayıl rayonuna 33 baş ceyran buraxılıb. Nadir və nəsli kəsilməkdə olan növlərin reintroduksiyası layihəsi çərçivəsində, həmçinin işğaldan azad edilmiş ərazilərdə də bioloji müxtəlifliyin bərpası istiqamətində gələcəkdə bəzi heyvan növlərinin reintroduksiyasının həyata keçirilməsi nəzərdə tutulub. Həmçinin azad edilmiş ərazilərdə su bioresurslarının ehtiyatlarının artırılması məqsədilə Bəsitçay, Həkəri çaylarına, Xaçınçay və Suqovuşan su anbarlarına və Qaragölə indiyə kimi minlərlə çəki, qızıl xallı forel balıqlarının körpələri buraxılıb. Bu il də həmin fəaliyyətin davam etdirilməsi planlaşdırılır.
Qeyd etmək lazımdır ki, hazırda işğaldan azad edilən ərazilərimizdə ermənilərin törətdiyi ekoloji terrorun fəsadlarının aradan qaldırılması, təbiətin flora və faunasının bərpa edilməsi istiqamətində dövlət tərəfindən çox mühüm işlər görülür. Belə ki, Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanı ilə verilmiş tapşırıqlara əsasən ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə və onların ilkin qiymətləndirilməsi məqsədilə yaradılmış Əməliyyat Qərargahlarında təmsil olunan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Xocavənd və digər rayonların ərazilərində monitorinqlərə başlayıb. Arazboyu ərazilərdə aparılan monitorinq və müşahidələr göstərib ki, yaşayış məntəqələrində olmuş bütün evlər, binalar, tarixi abidələr, qəbristanlıqlar tamamilə dağıdılıb, yolların kənarındakı tut, qovaq, çinar, şam və meyvə ağacları kəsilib, bəzi yerlərdə isə tamamilə yandırılib. Meşələrdə və yaşıllıq massivlərində qəsdən törədilmiş yanğınlar nəticəsində bitki örtüyü, münbit torpaq qatı və digər canlı aləm məhv edilib. Qubadlı, Füzuli və Cəbrayıl rayonlarının ərazisində yaşı 1600, 900 və 500 il olan Şərq çinarları ekoloji terrora məruz qalıb. Lakin bu fəsadların aradan qaldırılması üçün işğaldan azad edilən ərazilərdə “Dostluq meşəsi” və terasların salınması ilə yanaşı ağıllı tinglik sahələri də yaradılır. Həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında meşəsalma və meşəbərpa işləri həyata keçirilir. Kimyəvi çirklənməyə məruz qalan çayların təmizlənməsi üçün beynəlxalq təcrübədən istifadə olunur.
Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib ki, növbəti illərdə də Azərbaycanın iqtisadi inkişafı ekoloji amillərlə təsbit olunmuş siyasətə əsaslanacaq. Onun sözlərinə görə, son dövrlərdə ölkədə qəbul olunmuş strateji sənədlərdə ekoloji aspektlər ön sıradadır və bu, ətraf mühitlə bağlı mövcud problemlərin həll olunması ilə ekoloji vəziyyətin yaxşılaşdırılmasına və dinamik iqtisadi inkişaf fonunda ekoloji təhlükəsizliyin təmin olunmasına gətirib çıxaracaq: "Azərbaycan təbiəti zəngin biomüxtəlifliyə və qiymətli təbii sərvətlərə malikdir. Bu sərvətlərin qorunması və effektiv idarə olunması ölkədə həyata keçirilən dövlət siyasətinin prioritetlərindəndir. Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunmuş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində yeni strateji mərhələdə iqtisadiyyatın davamlı və yüksək templə artması fonunda qlobal iqlim dəyişikliklərinə cavab verən və əhalinin sağlam mühitdə yaşamını təmin edəcək yüksək keyfiyyətli ətraf mühitin təmin olunması kimi mühüm vəzifələr qarşıya qoyulub".
R.Səttarzadə qeyd edib ki, təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi prioritetinə əsasən hazırlanan və bu ilin iyulunda təsdiq olunmuş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda da ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması və təbii ehtiyatlardan səmərəli istifadəni nəzərdə tutan fəaliyyətlər qeyd olunur: "İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış" prioriteti çərçivəsində hədəflərə çatmaq üçün hazırlanaraq cari ilin noyabrında təsdiq olunmuş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı"nın da əsas istiqamətlərindən biri bu ərazilərdə məhz ətraf mühitlə bağlı problemlərin həlli, dinamik iqtisadi inkişaf fonunda ekoloji təhlükəsizliyin təmin olunması, ən müasir yaşıl texnologiyaların tətbiqi və təmiz ekoloji mühitin yaradılmasıdır".
Bir sözlə, Azərbaycan dövlətinin ekologiya və ətraf mühitin mühafizəsi istiqamətində gördüyü işlər beynəlxalq aləmdə də bəyənilir. Təsadüfi deyil ki, hələ 2012-ci ildə nüfuzlu tədqiqat mərkəzləri olan ABŞ-ın Yel və Kolumbiya universitetləri tərəfindən açıqlanan Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksi (Environmental Performance İndex) sənədində ətraf mühit sahəsində son 10 ildə baş vermiş müsbət dəyişikliklərin tempinə görə Azərbaycan 132 ölkə arasında 2-ci yeri tutub.

Cavid