• 22 Yanvar 2021
logo
Növbəti tədris ilində I sinfə şagird qəbulu elektron qaydada həyata keçiriləcək

Növbəti tədris ilində I sinfə şagird qəbulu elektron qaydada həyata keçiriləcək

2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I sinfə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.

Bunu Təhsil Nazirliyinin birinci sinfə qəbulla əlaqədar bu gün keçirilən mətbuat konfransında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva deyib.

Onun sözlərinə görə, sistemdə onlayn qeydiyyat martın 10-dan etibarən aktivləşdiriləcək. Məktəb seçimi isə 13 mart 2020-ci il tarixindən 15 sentyabr 2020-ci il tarixinədək həyata keçiriləcək.

2020-2021-ci tədris ili üçün ümumtəhsil məktəbləri, lisey və gimnaziyalarda I sinfə şagird qəbulu Azərbaycan bölməsi üzrə ümumi qaydada, tədris digər dillərdə aparılan bölmələrə isə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi yolu ilə həyata keçiriləcək (Bakı Avropa Liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbləri istisna olmaqla). Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müsahibələr aprelin 1-dən başlayaraq təşkil olunacaq.

İ.Abdullayeva əlavə edib ki, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların növbəti tədris ili üçün həmin məktəbin I sinfinə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilir. Məktəbəhazırlıq qruplarındakı uşaqlar üçün sistemdə avtomatik sorğu yerləşdirildikdən sonra valideyn 10 mart 2020-ci il tarixindən 13 mart 2020-ci il tarixinədək şəxsi kabinetdən ərizəni çap edib məktəbə təqdim etməlidir.

Diqqətə çatdırılıb ki, I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə Alternativ qeydiyyat mərkəzləri də fəaliyyət göstərəcək. Qeydiyyat zamanı hər hansı çətinliklə qarşılaşan, alternativ qeydiyyat mərkəzində övladının qeydiyyatı mümkün olmayan valideynlər aprelin 1-dən həftənin III və V günləri Apelyasiya komissiyalarına müraciət edə bilərlər.