• 29 Sentyabr 2020
logo
BŞTİ-yə ötən ay 5 633 müraciət daxil olub

BŞTİ-yə ötən ay 5 633 müraciət daxil olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2020-ci ilin fevral ayı ərzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Qurumdan verilən məlumata görə, qeyd olunan müddət ərzində ümumilikdə, 5 633 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 1 089 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 2 950 vətəndaş müraciəti daxil olub, 144 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.

Vətəndaşların Qəbulu Mərkəzində 1 172 sənəd (vətəndaşlar tərəfindən 183 ərizə, Təhsil Nazirliyindən 201, digər qurumlardan 239, məktəblərdən 386 məktub, 42 strukturdaxili yazışma və 121 kadr ərizəsi) qəbul olunub və qeydiyyata alınıb. Həmçinin 278 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, I sinfə qeydiyyat proseduru, məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması və digər məsələləri əhatə edib.

Qeyd edək ki, fevral ayı ərzində, həmçinin BŞTİ rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirakı ilə Bakının 9 rayonu (Nizami, Nərimanov, Xətai, Suraxanı, Binəqədi, Nəsimi, Yasamal, Səbail və Qaradağ rayonları) üzrə səyyar qəbullar keçirilib. Səyyar qəbullarda müəllim və valideynlərin müraciətləri dinlənilib, qaldırılan bir sıra müraciətlər operativ şəkildə cavablandırılıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.