• 28 Oktyabr 2020
logo
Ombudsmanın Uşaq hüquqları üzrə pilləli tədris proqramı davam etdirilir

Ombudsmanın Uşaq hüquqları üzrə pilləli tədris proqramı davam etdirilir

Ölkə Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş və müvəffəqiyyətlə reallaşdırılan Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının 4.4-cü bəndində orta ixtisas və ali təhsil müəssisələrində insan hüquqlarının tədrisinin genişləndirilməsi, ümumtəhsil məktəblərində uşaq hüquqlarının pilləli tədrisinin inkişaf etdirilməsi nəzərdə tutulub. Bu kontekstdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Təhsil Nazirliyinin birgə əməkdaşlığı əsasında orta ümumtəhsil məktəblərində həyata keçirilən Uşaq hüquqları üzrə pilləli tədris proqramı davam etdirilir. İnteraktiv şəkildə aparılan tədris prosesində əsas diqqət şagirdlərin uşaq hüquqları sahəsində bilik səviyyəsinin inkişaf etdirilməsinə yönəldilir.

Ombudsman Aparatından bildirilib ki, 2019-2020-ci tədris ilində Uşaq hüquqları üzrə pilləli tədris proqramı paytaxtdakı Nərimanov rayonu 36, Nəsimi rayonu 54, Xətai rayonu 55, Xəzər rayonu 121, Yasamal rayonu 158, Səbail rayonu 189-190, Suraxanı rayonu 208, Qaradağ rayonu 228, Pirallahı rayonu 235, Nizami rayonu 238, Binəqədi rayonu 244, Sabunçu rayonundakı 311 saylı məktəblərdə, habelə respublikamızın regionlarında – Daşkəsən, Göygöl, Şabran, Xaçmaz, Lerik, Yardımlı, Qax və Zaqatala rayonlarının hərəsindən bir məktəb seçilməklə ümumilikdə 20 məktəbdə həyata keçirilir.

Tədris prosesində Ombudsman təsisatında uşaqlar üçün anlaşılan tərzdə Azərbaycan dilində hazırlanmış “Uşaq Hüquqları Konvensiyası” adlı kitabça və “Uşaq hüquqları üzrə pilləli tədrislə bağlı seçilmiş mövzular” adlı dərs vəsaitindən, digər hüquqi nəşrlərdən və plakatlardan istifadə edilir.

Ümumilikdə, 2009-2010-cu tədris ilindən etibarən davamlı olaraq hər il keçirilən Uşaq hüquqları üzrə pilləli tədris proqramına Bakı şəhərinin bütün rayonlarının, ölkənin digər 32 şəhər və rayonunun 190-dan çox məktəbi cəlb edilib, bu prosesdə fərqlənmiş 11 min 500-dən artıq şagird Ombudsman tərəfindən sertifikatla təltif edilib, 900-dən çox direktor və müəllim təşəkkürnamə alıb.

Bütövlükdə, bəhs olunan tədris proqramı uşaq hüquqlarının öyrənilməsi, şagirdlərin bilik və natiqlik bacarıqlarının artırılması, sağlam həyat tərzinin aşılanması və digər istiqamətlərdə mühüm əhəmiyyətə malik olmaqla yanaşı, müvafiq fənn müəllimlərinin insan hüquqları sahəsində ixtisaslaşmasına önəmli töhfədir.