Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndə heyəti – idarənin sədri Ramin İgidov, Şərqi Gürcüstan üzrə müfti Yasin Əliyev, Qərbi Gürcüstan üzrə müfti Beglar Kamaşidze və qurumun katibi Oktay İsayev Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olub.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, görüşdə rektor Ceyhun Məmmədov ölkələrimiz arasında dostluq münasibətlərindən bəhs edib, Azərbaycan-Gürcüstan əlaqələrinin yüksək səviyyədə olduğunu nəzərə çatdırıb.
Rektor Azərbaycanda yüksək dini-mənəvi mühitin mövcud olduğunu, dövlət-din siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verilir.
Aİİ-nin yaranma səbəbi, fəaliyyət istiqamətləri, hədəfləri haqqında danışan rektor Ceyhun Məmmədov institutda təhsilin ödənişsiz əsaslarla həyata keçirildiyini, tələbələrin geyim, yemək və yataqxana ilə təmin olunduğunu bildirib.
“Gənclərin sağlam ruhda tərbiyə olunması vacibdir. Bunun üçün təkcə dini deyil, həmçinin dünyəvi biliklərə malik mütəxəssislərə ehtiyac var. Bu səbəbdən də institut qonşu ölkələrin təhsil müəssisələri ilə əlaqələrin qurulmasında və təcrübə mübadiləsinin aparılmasında maraqlıdır. İnstitutun qapıları təkcə Azərbaycan vətəndaşları üçün deyil, eyni zamanda, ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımız üçün açıqdır. Gələcəkdə rus, ingilis və ərəbdilli bölmələrin açılması və dünyanın müxtəlif ölkələrindən tələbələrin institutda təhsilə cəlb olunması nəzərdə tutulur”, - deyə Ceyhun Məmmədov qeyd edib.
Gürcüstan Müsəlmanları İdarəsinin sədri Ramin İgidov iki ölkənin dini qurumları arasında sıx münasibətlər olduğunu söyləyib, bu sahədə əlaqələrin daha da möhkəmlənməsinə əminliyini vurğulayıb. Ramin İgidov dünyada radikallığın artdığı dövrdə Azərbaycanın tolerantlıq baxımından müsbət təcrübə yaratdığını və bu təcrübənin öyrənilməsinin vacib olduğunu bildirib.
Nümayəndə heyəti Gürcüstanda fəaliyyət göstərən mədrəsə və kolleclər haqqında məlumat verib. Qeyd olunub ki, burada müxtəlif maarifləndirmə tədbirləri həyata keçirilir. İslam dini haqqında kitablar Azərbaycan və gürcü dillərinə tərcümə olunur.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və gələcək əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.