• 31 Oktyabr 2020
logo
AMEA-da kadr ixtisarları olub

AMEA-da kadr ixtisarları olub

Yaxın dövrlərdə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) müxtəlifyönlü islahatların aparılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu AMEA-nın akademik katibi Əminağa Sadıqov deyib.

O bildirib ki, bura struktur islahatları da aid ola bilər:

"Artıq Rəyasət Heyəti Aparatında müəyyən kadr ixtisarları olub. Eyni zamanda, strukturun optimallaşdırılması istiqamətində də müəyyən işlər görülüb".

Ə.Sadıqov qeyd edib ki, AMEA elmi tədqiqatlar apararkən kadr potensialı və maliyyə resurslarını dünya elminin tələb etdiyi istiqamətə yönəldəcək: "AMEA-nın 2020-2025-ci il üzrə inkişaf proqramı qəbul olunub. Bu proqramda akademiyanın inkişafı ilə bağlı mühüm müddəalar öz əksini tapıb. Eyni zamanda, prioritet istiqamətlərin müəyyənləşdirilməsi, resursların daha çox həmin istiqamətlərə yönəldilməsi nəzərdə tutulur".

AMEA-nın akademik katibi əlavə edib ki, dünya elmində daha çox aktual olan sahələr - nanotexnologiyalar, molekulyar biologiya, informasiya texnologiyaları və digər tədqiqatların Azərbaycanda da gündəmdə olmasını istəyirlər:

"Bununla yanaşı, respublikanın özünün sosial-iqtisadi inkişafının tələblərindən doğan məsələlərlə bağlı tədqiqatların aparılması gündəmdədir. Bu, daha çox tətbiqi tədqiqatların aparılmasını tələb edir. Buna görə də yaxın illərdə əsas tədqiqat istiqamətləri bu sahə üzrə olacaq".