• 20 Oktyabr 2020
logo
“Yüksəliş” müsabiqəsinin növbəti mərhələsi başlayır

“Yüksəliş” müsabiqəsinin növbəti mərhələsi başlayır

Prezident İlham Əliyevin iyulun 26-da imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunan “Yüksəliş” müsabiqəsinin növbəti mərhələsi başlayır.

Bunu "Yüksəliş" müsabiqəsi ilə bağlı işçi qrupun rəhbəri, Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, fevralın 8-də müsabiqənin növbəti - onlayn mərhələsinin ümumi biliklər üzrə ilk sınaq imtahanı keçiriləcək. Fevralın 16-da müsabiqənin onlayn mərhələsinin ümumi bilik üzrə əsas imtahanı təşkil ediləcək. İmtahanda Azərbaycan dili və ədəbiyyatı, tarix, coğrafiya, mədəniyyət, hüquq və iqtisadiyyat olmaqla, hər fənn üzrə 21 sual təqdim olunacaq.

Onlayn mərhələnin ikinci hissəsi olan qabiliyyət imtahanının testlərinin demo variantı fevralın 23-də təqdim ediləcək. Testlərin demo variantı tanışlıq xarakteri daşıdığından onların cavablandırılması tələb olunmur.

F.Hacıyev deyib ki, onlayn mərhələnin qabiliyyət imtahanı isə martın 1-də keçiriləcək. Qabiliyyət imtahanı üzrə testlər 3 blok - abstrakt (mücərrəd) düşüncənin, rəqəmsal və verbal məlumatlarla işləmək bacarığının yoxlanılması üzrə aparılacaq.