• 8 İyul 2025
logo
Çinin müvəqqəti işlər vəkili Li Cinsonq: Epidemiyadan sonra bahar gələcək

Çinin müvəqqəti işlər vəkili Li Cinsonq: Epidemiyadan sonra bahar gələcək

Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Li Cinsonq “Epidemiyadan sonra bahar gələcək” sərlövhəli məqalə hazırlayıb.

Məqalədə Çində koronavirus epidemiyasından narahatlıq ifadə olunur, Azərbaycan Prezidenti İlham Əliyevin bununla əlaqədar Çin Xalq Respublikasının Sədri Si Cinpinə məktubunda Çin hökumətinin və xalqının epidemiyaya qarşı inadla mübarizədə göstərdiyi qətiyyəti yüksək qiymətləndirməsindən bəhs edilir. AZƏRTAC məqaləni təqdim edir.

Bu, artıq mənim Bakıda keçirdiyim beşinci qışdır, illərin necə ötüb keçdiyini heç hiss etmədim. Ürəyimin dərinliyində olan bu şəhəri mən çoxdan ikinci vətənim kimi qəbul etmişəm, onun hər bir otu və hər bir ağacı mənə çox əziz və şirindir. Hər keçən gün şəhərin simasının dəyişməsi məni çox sevindirir. Ancaq mənim qəlbimə daha çox təsir edən minlərlə kilometr uzaqlıqda olan vətən torpağını viran qoyan bir fəlakət – yeni növ koronavirus infeksiyalı sətəlcəm epidemiyasının yaratdığı vəziyyətdir. O, nəinki Çinin sərhədləri daxilinə, hətta Çin hüdudlarından kənara da yayıldı, bütün dünyanın diqqətini özünə cəlb etdi.

Epidemiya vəziyyətinin başlamasından bəri Çin Xalq Respublikasının Sədri Si Cinpin çox əhəmiyyətli təlimatlar verərək, xalqın həyat təhlükəsizliyini və sağlamlığını təmin etmək və epidemiyanın yayılmasının qarşısını almaq üçün dəfələrlə vacib göstərişlər verib. Çinin bütün bölgələrinin hər səviyyədə olan hakimiyyət orqanları insanların həyatına yüksək əhəmiyyət verir və viruslarla mübarizə üçün bütün mümkün tədbirləri görür. Epidemiya bir əmrdir, qarşısının alınması və nəzarət isə bir məsuliyyətdir. Zamanla yarış və koronavirusla mübarizə başladı. Çin xalqı səfərbərlik elan edərək xəstələrin müalicəsi və şəhərlərin həyati fəaliyyətini təmin etmək üçün hər yerdə yaşıl, sürətli və təcili dəhlizlər açdı. Epidemiyanın ümumxalq, məqsədyönlü elmi profilaktikası üçün bütün tədbirlər həyata keçirilir. Çin hökuməti infeksiyaya qarşı daxili mübarizəyə sadiqdir və onun xaricə yayılmaması üçün açıq, şəffaf və yüksək məsuliyyətlə müvafiq beynəlxalq əməkdaşlığı həyata keçirir. Bu, nəinki epidemiyanın qarşısının elmi şəkildə alınması strategiyasıdır, eyni zamanda, böyük bir ölkənin məsuliyyətidir.

Yanvarın 31-də Dünya Səhiyyə Təşkilatının (DST) baş direktoru Tedros Adhanom Qebreyesus yeni növ koronavirus infeksiyalı sətəlcəm epidemiyasının “Beynəlxalq narahatlıq doğuran ictimai fövqəladə vəziyyət” olduğunu bəyan etdi. O, bir daha bütün dünyanın diqqətli olması mesajını verdi. Bildirdi ki, bu kimi qərarlar DST-nin ənənəvi təcrübəsidir, sübutlara əsaslanan elmi və rasional reaksiya verməyə, epidemiyanın qarşısının alınmasında digər ölkələrə müvafiq elmi, məqsədyönlü profilaktik tədbirlərə kömək göstərməyə, qlobal sağlamlıq təhlükəsizliyindən istifadə etməyə yönəlmiş zəruri bir addımdır və Çinə qarşı etimadsızlıq deyil. Baş direktor Sədr Si Cinpinin şəxsən rəhbərliyini, epidemiyanın qarşısının alınması, nəzarət işlərinin aparılmasını və Çinin buna qarşı sürətli şəkildə hərəkətə keçməsini yüksək qiymətləndirdi. Qeyd etdi ki, müvafiq təcrübə digər ölkələr tərəfindən öyrənilməyə layiqdir. Epidemiyanın qarşısının alınması və nəzarətə götürülməsi istiqamətində Çin tərəfindən həyata keçirilən bir çox tədbirlərin fövqəladə hallara cavab vermək üçün DST-nin müvafiq tələblərini üstələdiyini vurğuladı. Eyni zamanda, Çinin epidemiyanı cilovlayacağına və ona qalib gələcəyinə inamını ifadə etdi. DST-nin Çinə səyahət və ya ticarət qadağalarını dəstəkləmədiyini, hətta buna qarşı çıxdığını bildirdi.

Ancaq, eyni zamanda, epidemiyanın inkişafı çaxnaşmanın yayılmasına səbəb olur. Üstəlik, gizli niyyəti olan bəzi ölkələr epidemiya təhlükəsini şişirdir, Çinə uçuşları dayandırır, sərhədlərini Çin vətəndaşlarına bağlayır və hətta çinlilərə qarşı ayrı-seçkilik yaradır. Bu cür hadisələr davamlı olaraq bir-birini izləyir və bu, sərt qışa bir az da soyuqluq qatır. Xüsusilə, DST-nin erkən xəbərdarlığını bəzi ölkələr və media Çinə qarşı silah kimi istifadə edib, şayiə və təhqir üçün mümkün olan hər şeyi edir, səbəbsiz çaxnaşma yaradır, şayiələr və yalanlar üzərində elmi mühakimələr yürüdülür, epidemiya olmayan ərazilərdəki insanları bir-biri ilə, xüsusən də çinlilərlə görüşəndə nəfəslərini qısmağa məcbur edirlər.

Hamı kimi mən də epidemiyanın inkişafından narahatam, onun insanların sağlamlığını və həyatını təhdid etdiyini görmək istəmirəm, insanlar arasında normal ünsiyyətə mane olmasını istəmirəm, Çinin dünyanın digər ölkələri ilə yaxın və mehriban mübadiləsinin durğunlaşmasını istəmirəm, texnologiya inkişaf etdikcə qlobal dünyada inamsızlığın, bədxahlığın və qərəzin artmasını istəmirəm.

Çində belə bir deyim var: “Əsl dost dar gündə tanınar”. Çin millətinin sıxıntı içərisində olduğu bir zamanda biz düşmənlərimizi və dostlarımızı daha yaxşı ayırd edə bilərik, yanımızda olan və çətinlikləri birlikdə dəf edən dostlarımızın dəyərini qiymətləndirə bilərik. Fevralın 1-də Prezident İlham Əliyev Çində baş vermiş epidemiya ilə əlaqədar Sədr Si Cinpinə şəxsən məktub göndərdi. O, epidemiyanın yayılmaması və insan tələfatının qarşısının alınması istiqamətində Çin hökumətinin atdığı addımları, Çin xalqının nümayiş etdirdiyi əzmi yüksək qiymətləndirib. Həmçinin bu müvəqqəti çətin günlərdə də Azərbaycan xalqının dost Çin xalqı ilə həmrəy olduğunu və hər cür yardım göstərməyə hazır olduğunu vurğulayıb. Azərbaycan cəmiyyətin bütün təbəqələrindən olan qayğı, hörmət, eyni zamanda, maddi yardım bu qış gününə istilik gətirir və biz bunun üçün sizə səmimi təşəkkürümüzü bildirmək istəyirik.

Burada vurğulamaq istərdim ki, Çin Kommunist Partiyasının Mərkəzi Komitəsi Sədr Si Cinpinin rəhbərliyi altında Çinin sosialist sisteminin üstünlüklərinə istinad edərək, yoluxucu xəstəliklərin qarşısının alınması və idarəetmə sistemini daim inkişaf etdirmək, eləcə də ictimai sanitar-gigiyenik insidentlərə reaksiya vermək üçün toplanmış praktik təcrübəni daim təkmilləşdirərək, son 70 ildə ÇXR-də toplanmış güclü texnologiya və maddi təmələ əsaslanaraq və eyni zamanda, Prezident İlham Əliyevin, bütün Azərbaycan xalqının və digər dost ölkələrin dəstəyi və köməyi ilə Çin xalqı epidemiyaya qalib gəlməyə və epidemiya ilə mübarizədə bəşər cəmiyyətinə yeni töhfə verməyə qadirdir.

İsti günəş fevral ayında görünür və bahar yaxınlaşır. Əziz dostlar, inanın, epidemiya bitəcək və həyat yenidən parlaq olacaq. Çin ilə Azərbaycan arasındakı ənənəvi dostluq və yüksək qarşılıqlı etimad gündən-günə möhkəmlənir. Bir aydan sonra Azərbaycan xalqı ənənəvi Novruz bayramını qarşılayacaq. Fürsətdən istifadə edərək, Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri adından qardaş Azərbaycan xalqına xoş bir bayram diləyir və bütün dünyada sülhpərvər insanları bir-birinə kömək göstərməyə və dəstək olmağa səsləyir, xoşbəxt və sağlam həyat arzulayıram.