• 31 Oktyabr 2020
logo
Böyük İpək Yoluna koronavirus zərbəsi: İflas təhlükəsi varmı?

Böyük İpək Yoluna koronavirus zərbəsi: İflas təhlükəsi varmı?

Dünya çox çətin bir mərhələyə qədəm qoyub. Çoxqütblü dünyanın formalaşması prosesi geosiyasi qarşıdurmalarla müşahidə olunur.
Bu baxımdan qlobal təsirlərə səbəb olan hadisələrin təsadüfən baş verməsi az inandırıcıdır. Faktiki 3-cü dünya müharibəsi gedir. İqtisadi sahədə sanksiyalar, terror təşkilatları ilə hücumlar, beyin işğalı və digər problemlər 2-ci dünya müharibəsinin nəticələrindən daha ağır və daha dəhşətli nəticələri qaçılmaz edir.
Getdikcə güclənən Çinlə Amerika Birləşmiş Ştatları arasındakı ticarət müharibəsi, müxtəlif qlobal həmlələr bütün dünya iqtisadiyyatını təhdid edir. ABŞ hər bəhanə ilə Çinə zərbə vurmağa çalışır. ABŞ prezidenti Donald Trampın Çini dəfələrlə açıq formada təhdid etməsi ciddi qlobal problemlərin olacağına işarədir. Məsələn bir müddət öncə Çində müsəlman olduqlarına görə uyğurlara qarşı işgəncə verilməsi, onların kütləvi olaraq qətlə yetirilməsi ilə bağlı məlumatlar dünya gündəmini zəbt etmişdi. Bütün bunları bəhanə edən və Yaxın Şərqdə yüz minlərlə müsəlmanı məhv edən ABŞ Çinə qarşı sanksiyalar tətbiq etdi.
Bütün bu geosiyasi proseslər fonunda baş verən və qlobal nəticələrə səbəb olan hadisələr təbii olaraq şübhələrə yol açır.
Çinin daim hədəf olması və baş verənlərin xüsusi texnologiya ilə dünya mediasının gündəmində tutulması və şişirdilmiş informasiyaların yayılaraq gərginlik yaradılması və davam etdirilməsi dünyada təşvişə səbəb olur. Dünya əhalisinin psixoloji olaraq təzyiq altında saxlanması şübhəsiz ki, məqsədsiz deyil və bunun fəsadları Çin başda olmaqla müttəfiq ölkələrin, xüsusilə Böyük İpək Yolu layihəsində yer alan dövlətlərin də bu istiqamətdə gələcək perspktivlərini təhdid edir.
Politoloqların ortada fakt olmamasını əsas götürərək virusun qəsdən yayılması ilə bağlı şərhləri konspirologiya adlandırması doğru yanaşma deyil. Çünki konspirologiya adlandırılan şərhlər bir çox hallarda gerçəkləri özündə əks etdirir. Əgər ortada konkret fakt varsa o zaman politoloq nəyə lazımdır? Hər hansı bir hadisə baş verirsə və orada müəmma varsa, o zaman nəticənin kimin lehinə, kimin əleyhinə olması mənzərəni aydınlatmaq üçün ən tutarlı ipucudur. Nəticəni əsas götürərək daha məntiqli analizlər aparmaq olar və ekspertlərimiz bunun üçün fakta ehtiyac duymamalıdır. Koronavirusla bağlı da həmçinin.
Tanınmış ekspertlərimizdən biri deyir ki, virusun Amerikada tapılması bunun hər hansı bir ölkə tərəfindən törədilməsini istisna edir. Halbuki virus Amerika, yaxud Çindən başqa, hər hansı ölkə, yaxud ölkələrdə də tapılmalıdır və ya "tapılmalıdır" ki, Çini dünyadan təcrid etmək üçün "əsaslar" olsun...
Bundan əvvəl də yazmışdıq ki, koronavirus Çin mallarına qadağanın tətbiq olunası üçün mükəmməl ssenaridir. Ajiotaj əvvəlcə Çinlə başlayır, sonra digər ölkələrdə "Çin mənşəli" virus "aşkarlanır" və bununla da Çin dünyanın təhlükəli bölgəsinə çevrilir. İstər-istəməz psixoloji gərginlik Çinə səfərlərə, ticari münasibətlərə təsir edir və Çin bir növ blokadaya alınır. Nəticədə Çin iqtisadiyyatına zərbə dəyir və bütün bunlar isə "təsadüfən" ABŞ-ın maraqlarına xidmət edir...
3 gün öncə İtaliyada çinli turistlərə hücum edən italyanlar "gedin virusunuzu öz ölkənizdə yayın" deyə bildiriblər. Bu da onu göstərir ki, iqtisadi problemlərlə yanaşı çinlilərin bir çox ölkələrə turist kimi səfərləri də əngəllənəcək. Belə olarsa Çin nəhəng həbsxanaya çevrilə bilər. Transmilli media vasitəsilə həyata keçirilən psixoloji təzyiqlərdə məqsəd də elə budur. Çində 1,5 milyard əhalidə yoluxma halı heç 30 min nəfərə çatmır. Belə olan halda ajioatajın yaradılması müəyyən məqsədlərə xidmət üçündür.
Maraqlı məsələlərdən biri ABŞ kimi supergücün koronavirus təhlükəsinə görə fövqəladə vəziyyət elan etməsidir.
Burada belə bir sual yaranır. Nəyə görə az inkişaf etmiş, daha hazırlıqsız ölkələr deyil, ilk öncə ABŞ bu addımı atır?

Ekspertlər nə düşünür?

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi koronavirus təhlükəsi ilə əlaqədar Çindən onlayn sifarişlərin dayandırılması üçün çağırış edib.
Mərkəzin direktor müavini Afaq Əliyeva: “Çində karantin tədbirləri həyata keçirilirsə, hər kəs özünü qorumaq üçün onlayn sifarişləri dayandırmalıdır. Düzdür, həmin məhsullar gömrük məntəqələrində müayinədən keçirilir, yoxlanılır, amma yenə də alış-verişi, bütün əlaqələri məhdudlaşdırmaq olar. Çünki koronavirus haqqında ÜST-ün belə tam məlumatı yoxdur. Virus hələ öyrənilir. Ona görə bir qədər ehtiyatlı olmaq lazımdır”.
Azərbaycanda insanlar onlayn şəkildə Çindən sifariş verdikləri məhsulları artıq götürmürlər. Baxmayaraq ki, məhsulların dəyəri əvvəlcədən ödənilir, sifariş sahibləri onları götürməməyə üstünlük verirlər.
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov: “Bu virus inkişaf edən ölkələrin iqtisadiyyatına zərər vurur. Burada əsas məqsəd iqtisadiyyata ziyan vurmaqdır. Ortalığa atılan bir oyundur. Bu virus çox sayda insanın ölümünə səbəb olub. Əgər Çin 20-24 dövlətə ərzaq məhsulu satırsa, iqtisadiyyatını zəiflətmək istəyənlər bu virusla Çini vuracaq. Ölkələr Çindən heç bir məhsul almayacaq. Çin iqtisadiyyatının zəifləməsi isə həm Rusiya, həm Azərbaycan, həm də digər dövlətlər üçün əlverişsizdir. Bütün dövlətlərə ziyan dəyəcək. Neftin qiyməti düşüb. Bu da ona işarədir ki, dolların məzənnəsi qalxacaq. Dövlətlərin istehsal etdikləri valyutaları üçün olduqca ziyanvericidir. Bəzi qurumlar da bu virusu dərmanları satılsın deyə yaya bilərlər”.
Tanınmış anestezioloq Şahin Məmmədov: “İinsanları təşvişə düşməməyə çağırıram. Bu mif sürətlə inkişaf edən Çin iqtisadiyyatına zərbə vurulması üçün uydurulub. Xarici vətəndaşların olduğu mühitdən uzaq dayanılması təqdirində, virusa yoluxma ehtimlı sıfıra enir. Koronavirus Çindən gələn mallar vasitəsilə insanlara yoluxa bilməz”.

Çindən Amerikaya mesaj

Bir daha qeyd edək ki, ABŞ-ın koronavirusla bağlı fövqəladə vəziyyət elan etməsi gərginliyin daha da artmasına səbəb olub. ABŞ-ın Azərbaycandakı səfirliyi koronavirusun yayılması ilə əlaqədar bəyanat verib. Qeyd olunur ki, ABŞ Prezidentinin rəsmi müraciətinə əsasən, ABŞ vətəndaşı olmayan və ya ölkə ərazisində daimi yaşayış hüququ olmayan şəxslərə Honq Konq və Makao istisna olmaqla Çin ərazisində olduqdan sonra 14 gün ərzində ABŞ ərazisinə daxil olması qadağan edilir: “Əgər siz Çində yaşayırsınızsa, bu yaxınlarda Çində olmusunuzsa və ya ABŞ-a səfər ərəfəsində Çinə getməyi planlaşdırırsınızsa, viza alınması üçün müsahibəni Çinə səfərdən 14 gün sonraya saxlamağınızı tövsiyə edirik”.
Transmilli media qurumlarının Çindəki müxbirlərinin sözlərinə görə, virusla bağlı bəzi məlumatlar gizlədilir və faktiki rəqəmlər elan ediləndən qat-qat yüksəkdir. Bildirilir ki, kütləvi ölümlərdən sonra Çin hökuməti xəstəliyə yoluxan və bu səbəbdən ölən insan sayını tam şəkildə açıqlayacağına dair söz versə də buna əməl etmir.
"Nyu-York Tayms" yazır: “Koronavirus ilk dəfə meydana çıxanda Çin məsələni ört-basdır etməyə çalışdı. Xəstəliyi ilk dəfə aşkarlayan həkimə təkzib verməsi üçün təzyiq göstərdilər. Çin rəsmiləri həlledici məqamda virusla bağlı həqiqəti gizlətməyə çalışdılar. Bu da onun qarşısının alınmasını çətinləşdirdi”.
Çin Milli Səhiyyə Komissiyasının yazılı açıqlamasına görə, ölkənin Uhan şəhərində ortaya çıxan və sürətlə yayılan epidemiya nəticəsində həlak olanların sayı 361 nəfərə çatıb. Virusa yoluxan 17205 nəfərdən 2296-sının vəziyyətinin ağır olduğu bildirilib. Çinin Xarici İşlər Nazirliyi də virusla bağlı açıqlama verib. Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, bəzi ölkələr, xüsusən də ABŞ sözügedən xəstəliklə bağlı şişirdilmiş reaksiyalar göstərdi. Amerika bizə kömək etmədi və insanlar arasında daim təlaşa səbəb oldu. Ümid edirik ki, bundan sonra ölkələr sakit və elmi əsaslı reaksiyalar verərlər. İnsanların təhlükəsizliyini təmin etmək əsas prioritetimizdir.

“Müxtəlif yollarla bu layihənin baş tutmamasına çalışacaqlar”

Təbii ki, bütün bu faktorları nəzərə alsaq, əsas hədəfin Çin iqtisadiyyatı və Böyük İpək Yolu layihəsinin olması ehtimalı istisna edilməməlidir.
Xarici ekspertlər deyirlər ki, Böyük İpək Yolu layihəsinin reallaşması Amerikanın dünya hegemoniyasının sonu deməkdir. Amerikanın sözdə müttəfiqləri belə (Məsələn Türkiyə) öz gələcək perspektivlərini bu layihədə görərək strateji planlarını da buna uyğun qururlar ki, bu da Çinin getdikcə güclənməsi və dünya bazarlarına tam hakim olması anlamına gəlir. Bu da 20-30 il sonrakı dönəmə hesablanan addımladır ki, ABŞ bunu hər vəchlə əngəlləməyə çalışır.
Çində fəaliyyət göstərən Amerika şirkətlərinə gəlincə, bəllidir ki, Çin ixracatının 50 faizdən çoxu Çin dövlətinə deyil, xarici sərmayəçilərə məxsusdur. Həmin xarici sərmayəçilər içərisində eyni zamanda sözdə Amerikanın Mərkəzi Bankı hesab edilən, əslində müstəqil quruluş olaraq dünya iqtisadiyyatına yön verən FED-in sahibləri də var. Yəni, Çinin birdən birə sürətlə inkişaf etməsinin arxasında dayanan elə Amerika şirkətləri və FED-dir. FED-in faiz dərəcələrini qaldırması da Çinin ixracatının artmasına, yəni Çinin maraqlarına xidmət edir. Təsadüfi deyil ki, bir neçə gün öncə Tramp “Twitter” səhifəsində “FED, ağıllı ol və Avropa ölkələri ilə rəqabətə davamlılığı artırmaq üçün faizi endir” deyərək FED-i təhdid etdi.
Yəni bütün bunlar dolayısı ilə savaşın mahiyyətini ortaya qoyur. Azərbaycan mediası və ekspertləri olaraq Amerikanı bütöv və bir mərkəzdən idarə olan dövlət hesab etdiyimiz, FED-i, yaxud Çində fəaliyyət göstərən Amerika şirkətlərini "Ağ Ev", yaxud Pentaqonla bərabər hərəkət ediyini düşündüyümüz üçün adətən prosesləri yanlış şərh edirik. Onu da əlavə edək ki, Trampın Çində fəaliyyət göstərən Amerika şirkətlərini dəfələrlə ABŞ-a dəvət eməsinə baxmayaraq bu çağırışa müsbət yanaşan olmayıb. Amma bəzi ekspertlər bildirirlər ki, konoravirusdan sonra Amerika şirkətlərinin ABŞ-a qayıtmaq ehtimalı kifayət qədər yüksəkdir. Təbii ki, bunun üçün virus təhlükəsi davam etməlidir.
Yəni Böyük İpək Yolu layihənin başı Çindir və koronavirus zərbəsi birbaşa həmin layihənin başına dəyib. Belə olan halda Çini supergücə çevirəcək, hazırda Azərbaycan da daxil olmaqla 65 ölkənin də içində yer aldığı bu layihənin perspektivi şübhə altına düşürmü?
İqtisadi ekspert Fuad İbrahimov: “Ümumiyyətlə koronavirusla bağlı proseslərin hansı məcrada davam etməsindən çox şey asılıdır. Şübhəsiz ki, əgər koronoavirusun qısa zaman kəsiyində qarşısı alınarsa, çarəsi tapılarsa bu günkü müzakirələr aktuallığını itirəcək. Əgər bu davam edəcəksə və bəşəriyyətin probleminə çevriləcəksə sözsüz ki, təkcə İpək Yolu deyil, bir çox böyük layihələr uğursuzluğa düçar ola bilər. Koronavirus davam edəcəksə İpək Yolu layihəsi iflic vəziyyətinə düşəcək. ABŞ-ın Çinə və Böyük İpək Yoli layihəsinə münasibətinə gəlincə, mən buna siyasi deyil, iqtisadi müstəvidə qiymət verərdim. ABŞ-ın ticarətin rəqabətyönümlü siyasəti ondan ibarətdir ki, bu layihədə Çin uğur qazanmasın. Çinin bu layihə ilə Avropa bazarlarına tamamilə rahat çıxması onun iqtisadi qüdrətinin daha da artmasına gətirib çıxaracaq. Şübhəsiz ki, müxtəlif yollarla bu layihənin baş tutmamasına çalışacaqlar...”.
Təbii ki, bu gün ABŞ dünya bazarlarını Çinə uduzmaqda davam edir. ABŞ-ın Çinlə şəffaf, beynəlxalq hüquq normaları çərçivəsində rəqabət aparması və Böyük İpək Yolunu əngəlləməsi qeyri-mümkündür. Əgər virus lokallaşdırılacaqsa o zaman başda Böyük İpək Yolu daxil olmaqla qlobal layihələrin perspektivləri şübhə altında düşməyəcək. Yox əgər ikinci dalğa olacaqsa o zaman Çin başda olmaqla bütün dünyanı, hər birimizi təhdid edəcək problemlər qaçılmazdır...

Əli Zülfüqaroğlu