• 23 İyul 2019
logo
add image
AzMİU-da Məzun Günü keçirilib

AzMİU-da Məzun Günü keçirilib

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2018-2019-cu tədris ili məzunlarının təntənəli buraxılış mərasimi keçirilib.
AzMİU-dan Trend-ə verilən məlumata görə, universitetin Akt zalında düzənlənən mərasimdə dövlət qurumlarının, səfirliklərin nümayəndələri, millət vəkilləri, universitetin əməkdaşlıq etdiyi şirkətlərin rəhbərləri, AzMİU-nun fəxri məzunları, valideynlər və digər qonaqlar iştirak edib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Mərasimi açıq elan edən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova “məzun” adını qazanan tələbələri təbrik edib, gələcək karyeralarında uğurlar arzulayıb, onlara təhsil aldıqları universitetin adını daim uca tutmağı tövsiyə edib. “Əziz məzunlar! Dörd il bundan əvvəl həyatınızda ən böyük uğura imza ataraq tələbə adını qazandınız. Bu gün isə böyük bir şərəf və iftixarla AzMİU-dan ayrılırsınız, məzun olursunuz. İmtahan həyəcanı, yuxusuz gecələr, sessiya stresi, gənclik həyatının ən şirin dönəmi olan tələbəlik illərinin sevinc və kədərli, narahat və qayğılı, ömrünüzün təkrar olunmaz anları artıq geridə qaldı. Həyatınızın möhtəşəm bir mərhələsini keçərək qazandığınız diplomla müstəqil, eyni zamanda daha məsuliyyətli dövrünə qədəm qoyursunuz. Sizə bu yolda yalnız uğurlar diləyirəm. Hansı mövqedə olursunuzsa olun, dövlətimizə, vətənimizə xeyirli bir övlad, vətəndaş olun, millətimizin adını həmişə, hər yerdə uca tutun”.
Rektor çıxışında universitetin qazandığı uğurlardan, AzMİU-nun Avropanın aparıcı universitetləri ilə reallaşdırdığı uğurlu ikili diplom proqramlarından, builki məzunların nəticələrindən danışıb.
Onu da qeyd edək ki, bu gün zəngin elm və təhsil ənənələrinə malik olan universitetin həyatında 44-cü təntənəli buraxılış gecəsidir. Başa vurduğumuz tədris ilində AzMİU-nu bakalavriat səviyyəsində 20 ixtisas üzrə 1169 nəfər, magistratura səviyyəsində 22 ixtisaslaşma üzrə 241 nəfər olmaqla cəmi 1485 gənc bitirir. SABAH qruplarında təhsil alan 17 tələbə də bu siyahıda yer alır. Tələbələrimizin böyük hissəsi oxuduğu müddətdə yaxşı nəticələr göstərib, bakalavr tələbələrimizdən 4, magistr tələbələrimizdən 16 nəfər fərqlənmə diplomuna layiq görülüb. Bakalavriat səviyyəsi üzrə məzunlarımızdan 210 nəfər magistratura səviyyəsinə uğurla imtahan verərək ali təhsilin ikinci pilləsinə keçib. Sevindirici haldır ki, ilkin məlumatlara görə, onlardan 36 nəfəri xarici ölkələrin universitetlərinin magistr proqramlarına qəbul olunublar.
Bu il AzMİU-nu bitirənlər arasında Türkiyə, İran, Türkmənistan, Suriya, Gürcüstan, Rusiya və Özbəkistandan 95 məzun var. AzMİU-da təhsil 3 dildə aparıldığından bu ilki buraxılışda ingilis dilli qruplarda həm bakalavr, həm də magistr səviyyələrində birlikdə 58 tələbə də bu il məzun olur.
Tədbirin gedişində AzMİU-nu fərqlənmə diplomu ilə bitirən məzunlara rektorun təbrik məktubu oxunub, universitetin müxtəlif fakültələrini əla qiymətlərlə bitirmiş tələbələrə fərqlənmə diplomları təqdim edilib. Universitetin ictimai işlərində xüsusi fəallıqları ilə seçilən bir neçə tələbə isə G.Məmmədova tərəfindən təltifnamələrlə mükafatlandırılıb. Məzunlar tələbəsi olduqları ali təhsil ocağında universitet rektorluğu və müəllim kollektivi tərəfindən hər zaman qayğı və diqqətlə əhatələndiklərini söyləyərək universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Tədbir AzMİU-nun özfəaliyyət ansamblı üzvlərinin ifasında bədii hissə ilə davam edib. Universitetin rəqs qrupu və qonaqlar öz çıxışları ilə məzunların sevincinə şərik olublar. Sonda isə məzunlar səhnədə əllərində Azərbaycan bayraqları, əcnəbi məzunlar isə öz ölkələrinin bayraqları ilə birgə “Tələbəlik illəri” mahnısını ifa ediblər.