• 8 Dekabr 2024
logo
“Hüquqşünaslıq” ixtisası üzrə tələbələrin yekun dövlət attestasiyası keçirilir

“Hüquqşünaslıq” ixtisası üzrə tələbələrin yekun dövlət attestasiyası keçirilir

Dövlət Gömrük Komitəsinin Akademiyasına 2015-cü ildə bakalavr səviyyəsi üzrə “Hüquqşünaslıq” ixtisasına qəbul olunmuş tələbələrin yekun dövlət attestasiyası (buraxılış işinin müdafiəsi) keçirilir.
Komitədən verilən məlumata görə, iyulun 2-də baş tutan imtahan prosesində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, hüquqşünaslıq ixtisası üzrə komissiyanın sədri - Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, eyni zamanda DGK-nın müvafiq sturukturlarının rəhbərləri, Gömrük Akademiyasının, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının, o cümlədən Bakı Dövlət Universitetinin professor-müəllim heyəti iştirak ediblər.
İmtahandan əvvəl Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tələbələrə uğurlar arzulayıb, onların məzun olduqdan sonra əldə etdikləri bilik və bacarıqları dövlətimizin inkişafı, xalqımızın rifahına sərf edəcəklərinə ümidvar olduqlarını bildiriblər.
Sonra tələbələr seçdikləri mövzuya uyğun buraxılış işlərini təqdim edib, imtahan komissiyası üzvlərinin suallarını ətraflı cavablandırıblar.
Xatırladaq ki, bu il Dövlət Gömrük Komitəsinin Akademiyasında “Hüquqşünaslıq” ixtisası üzrə 23 tələbənin təhsili başa vurması gözlənilir.