• 24 Aprel 2024
logo
Millət vəkili şəhid ataları, müharibə veteranı və qazilərlə təbiət qoynunda görüşüb

Millət vəkili şəhid ataları, müharibə veteranı və qazilərlə təbiət qoynunda görüşüb

Həmişə şəhid ailələri, müharibə iştirakçıları, veteran və qazilərin qonağı olan, müxtəlif tədbirlərində, toy və yas mərasimlərində iştirak edən, kabinetlərdə rəsmi görüşlər keçirən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu dəfə "ənənə"ni pozaraq Şabran və Siyəzən rayonlarında həmin təbəqənin nümayəndələri ilə qeyri-rəsmi formada görüşdü.
Daha doğrusu, S.Qurbanov bu dəfə onları özünə qonaq edib. Şabranın Məşrif kəndində Göyçə İstirahət Mərkəzində şabranlı seçicilər, müharibə iştirakçıları, qazilər və şəhid ataları ilə görüşüb.
Çay və yemək süfrəsi ətrafında keçən görüşdə millət vəkili onlarla səmimi söhbətlər apardı. Millət vəkili əvvəlcə dövlətin bu təbəqə nümayəndələrinə diqqət və qayğısından danışdı. Dövlət başçısının həmin təbəqə nümayəndələrinə göstərdiyi diqqət və qayğısından bəhs edən millət vəkili mövcud olan xırda sosial problemlərin zaman-zaman tamamilə həll olunacağını dedi. Bu istiqamətdə hökumət tərəfindən həyata keçirilən sosial proqramların sürətlə və ardıcıllıqla reallaşdığından bəhs etdi. S.Qurbanov vurğuladı ki, sosial proqramların tez bir zamanda reallaşması əhalinin dövlət başçısına olan etimadı daha da artırıb.
S.Qurbanov dedi ki, Azərbaycan dövləti şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərir. Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib. Millət vəkili əlavə etdi ki, dövlət tərəfindən şəhid ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara fərdi evlərin, mənzillərin verilməsi və digər bir sıra istiqamətlərdə mühün addımlar atılır.
Bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-2025-ci illər ərzində şəhid ailələri, müharibə əlilləri və digər həssas qrupa aid olan insanların mənzillə tam təminatının həyata keçirilməsi üçün dövlət proqramı təsdiqlənib. Bu proqramın icrası sürətlənir.
Eyni zamanda, dövlət başçısı tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği davamlı olaraq artırılır, şəhid ailələri və qazilərin məşğulluq proble¬mi aradan qaldırılır.
Millət vəkili onu da qeyd etdi ki, həmçinin ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən də bu kateqoriyadan olan insanlarla bağlı müxtəlif layihələr həyata keçirilir. Bütün bunlar onu deməyə əsas verir ki, şəhid ailələri, qazilər və digər həssas qrupa aid insanlara diqqət və qayğının göstərilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması kimi məsələlər dövlətimizin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biridir.
Millət vəkili daha sonra onlara "indi siz sözünüzü, istəyinizi, şikayətiniz, üzləşdiyiniz problem varsa çəkinmədən deyin, fikirlərinizi söyləyin, təkliflərinizi verin" deyə müraciət etdi.
Əvvəlcə belə səmimi atmosferdə görüş təşkil etdiyinə görə S.Qurbanova təşəkkür edildi. Hər bir şəhid atası, müharibə veteranı və qazi dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirdilər. Təbii ki, yerlərdə məmurların bu təbəqənin nümayəndələrinə qarşı bəzi məsələlərdə laqeydsizlikləri də vurğulandı.
Millət vəkili onları səbrli, təmkinli olmağa çağırdı. Dövlət başçısının şəhid ailələri, müharibə veteranı, qazilərlə əlaqədar məsələlərə konkret mövqeyini bildirərək dediyi fikri xatırlatdı: “Dövlət öz üzərinə nə düşürsə etməlidir və edəcək.” S.Qurbanov vurğuladı ki, cənab Prezidentin bu fikri bundan sonra da dövlətin şəhid ailələri və qazilər ilə bağlı sosial siyasətinin davam edəcəyi haqqında ən mühüm mesajdır.
Səmimi söhbətlər həm süfrə arxasında, həm də ayaqüstü davam etdi. Millət vəkili onlarla həm qrup şəklində, həm də fərdi qaydada söhbətlər apardı.
Yeri gəlmişkən, millət vəkilinin orada olması xəbərini eşidən yaxın ətraf kəndlərin bir qrup sakini də onunla görüşə gəldilər. Görüşdə 2020-ci il parlament seçkisi öncəsi S.Qurbanovun təkbaşına apardığı yüksək təbliğat kampaniyası çərçivəsində kəndlərin seçiciləri ilə görüşləri, söhbətləri xatırlandı. Seçicilərin millət vəkilini yenidən görmək üçün maşın tutub bir neçə kilometr yol qət edib gəlməsinin qayəsində ona olan hörmət, sayğı vardı...
Növbəti belə bir görrüş Siyəzən rayonunda oldu. Görüşün keçiriləcəyi ilə bağlı həm sosial şəbəkələr, həm də müvafiq yerli dövlət orqanları vasitəsilə əhali öncədən məlumatlandırıldı.
Avqustun 5-də millət vəkili əvvəlcə YAP-ın Siyəzən rayon təşkilatının qərargahında bir qrup yerli sakini qəbul etdi.
Onu da qeyd edək ki, görüşə qonşu Şabran rayonundan gələnlər də az deyildi. Millət vəkilinə daha çox işsizliklə, şəxsi və rayon əhəmiyyətli sosial problemlərlə bağlı müraciətlər olundu.
Millət vəkili 4 saat ərzində 50-dən artıq sakini ayrı-ayrılıqda qəbul edib dinlədi. Millət vəkilinin köməkçisi Elnur Rəhimov hər bir sakinin problemini, istək və arzusunu, təklifini ardıcıllıqla qeydiyyata aldı.
S.Qurbanov qeydə alınan problemlərin və digər məsələlərlə bağlı istəklərin həlli ilə bağlı müvafiq orqanlara rəsmi müraciət ediləcəyini dedi. Amma onu da qeyd edək ki, millət vəkilinin tapşırığı ilə bir neçə problem elə yerindəcə həll edildi. Görüşə gələn hər bir sakinin üzündə ümid hissi ilə yanaşı millət vəkilinə bir inam, etibar da açıq-aşkar sezilirdi.
Səmimi qəbul etdiyinə və görüşdüyünə görə hər bir seçici millət vəkilinə təşəkkür etdi. Hətta probleminin əsirinə çevrildiyindən hislərini, özünü toplaya, toparlaya bilməyən, işsizlikdən özünü öldürmə həddinə çatdığı fikrində olduğunu deyən də millət vəkili ilə söhbətdən sonra kabineti üzügülər, xoş təəssüratla tərk etdi. Bir sözlə, qəbula gələn hər bir sakin millət vəkili ilə görüşdən sonra mənəvi bir rahatlıq hissi ilə oradan ayrıldı.
Günün ikinci yarısında isə S.Qurbanov Siyəzən Palase-də şəhid ailələri, müharibə iştirakçıları, veteran və qazilərlə həm çay, həm də yemək süfrəsi arxasında səmimi görüş keçirdi. Bu dəfə də əsas mövzu müharibə iştirakçıları, qazilər və şəhid ailələrinə dövlət qayğısı ilə bağlı oldu.
Millət vəkili bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət və cəmiyyət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə bu sahədə müxtəlif böyük maliyyə tutumlu proqramlar həyata keçirilir.
Bunlardan biri də Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərardır ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara və daxili işlər orqanları əməkdaşlarına, habelə onların ailə üzvlərinə verildiyi diqqət və qayğının növbəti təzahürüdür.
S.Qurbanov dedi ki, bu məqsədlə 2022-ci ilin dövlət büdcəsində təxminən 100 milyon manat vəsait ayrılıb.
Daha sonra son günlərdə ermənilərin növbəti təxribatı, ordumuzun “Qisas” əməliyyatı zamanı erməni terrorçuların məhv edilməsi və strateji yüksəkliklərin nəzarətə götürülməsindən bəhs edildi. S.Qurbanov vurğuladı ki, ölkəmizin suveren ərazilərində törədilən istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və cavab tədbirləri daha da sarsıdıcı olacaq. Müzəffər Azərbaycan Ordsunun Qarabağdakı qanunsuz erməni silahlı dəstələrinə vurduğu sarsıdıcı zərbələr Ermənistan üçün böyük dərs, eyni zamanda son xəbərdarlıq olmalıdır.
Görüşdə iştirak edənlər də Prezidentin onlara göstərdiyi diqqət və qayğıdan razı qaldıqlarını, hər zaman vətənin, dövlətin, xalqın müdafiəsinə hazır olduqlarını bildirdilər. Eyni zamanda belə qeyri-rəsmi, sadə və səmimi, mehriban bir atmosferdə təşkil olunan görüşə görə millət vəkilinə təşəkkür etdilər.
Cavid
Bakı-Siyəzən-Şabran-Bakı