• 24 Oktyabr 2021
logo
2050-ci ilədək Azərbaycanın BU ƏRAZİLƏRİNDƏ temperatur yüksələcək, yağıntıların miqdarı dəyişəcək

2050-ci ilədək Azərbaycanın BU ƏRAZİLƏRİNDƏ temperatur yüksələcək, yağıntıların miqdarı dəyişəcək

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ölkədə 2050-ci ilə qədər onilliklər üzrə iqlimin parametrlərinin dəyişmələri üzrə ssenarilər tərtib etməyə başlayıb. Artıq bəzi ərazilər üzrə iqlim dəyişmələri ilə bağlı gözlənilən proqnozlar tərtib edilib.

AMEA Coğrafiya İnstitutundan Trend-ə verilən məlumata görə, ölkədə havanın orta illik temperaturu regiondan asılı olaraq, baza dövrünə (1961-1990-cı illər) nisbətən təqribən 0.8-1.9 dərəcə C artıb, atmosfer yağıntılarının orta illik miqdarı əsasən azalıb. Kür-Araz ovalığının bəzi rayonlarında yağıntının miqdarındakı azalma 12-15 % olub, Abşeron yarımadasında və ondan şimalda yerləşən sahilboyu ərazidə isə 2-3% artıb. Bununla yanaşı, ilin isti dövründə yağıntıların miqdarı 3-17% azalıb. İllik temperaturun artım sürəti 134 il ərzində 0.8-1.4 dərəcə C, onilliklər üzrə isə artım sürəti təqribən 0.1 dərəcə olub. Atmosfer yağıntıları 125 il ərzində bəzi ərazilərdə azalıb (Ağstafada 88 mm, Naxçıvanda 7 mm), Gəncədə isə 8 mm artıb.

Aparılmış hesablamalar əsasında 2050-ci ilə qədər havanın gözlənilən temperaturu və atmosfer yağıntıları ilə bağlı hazırlanan proqnozlarda temperaturun yüksəlməsinin davam edəcəyi, yağıntıların miqdarının isə ərazilərdən asılı olaraq dəyişəcəyi gözlənilir.

Proqnozlar Ağstafa (Ağstafa və ətraf rayonlar), Gəncə (Gəncə və ətraf rayonlar) və Naxçıvan (Naxçıvan Muxtar Respublikası) məntəqələri üzrə hazırlanıb.

Bu proqnozlara əsasən, 1961-1990-cı illərdə (baza dövrü) Ağstafa məntəqəsində orta illik temperatur 12,7 dərəcə, Gəncə məntəqəsində 13,4 dərəcə, Naxçıvan məntəqəsində 12,9 dərəcə isti olub. Ağstafa məntəqəsində 2030-cu ildə orta illik temperatur 13,7 dərəcə, 2040-cı ildə 13,8 dərəcə, 2050-ci ildə 14 dərəcə, Gəncə məntəqəsində 2030-cu ildə 14,5 dərəcə, 2040-cı ildə 14,6 dərəcə, 2050-ci ildə 14,7 dərəcə, Naxçıvan məntəqəsində 2030-cu ildə 13,2 dərəcə , 2040-cı ildə 13,3 dərəcə, 2050-ci ildə 13,5 dərəcə olacaq.

1961-1990-cı illərdə (baza dövrü ) Ağstafa məntəqəsində orta illik atmosfer yağıntılarının miqdarı 363 mm, Gəncə məntəqəsində 287 mm, Naxçıvan məntəqəsində 220 mm olub.

Proqnozlara əsasən, Ağstafa məntəqəsində 2030-cu ildə orta illik atmosfer yağıntılarının miqdarı 315 mm, 2040-cı ildə 310 mm, 2050-ci ildə 300 mm, Gəncə məntəqəsində 2030-cu ildə 270 mm, 2040-cı ildə 275 mm, 2050-ci ildə 280 mm, Naxçıvan məntəqəsində 2030-cu ildə 240 mm, 2040-cı ildə 235 mm, 2050-ci ildə 230 mm olacaq.

Qeyd edək ki, belə proqnozların ölkənin digər əraziləri üzrə də hazırlanması nəzərdə tutulur.