• 28 Sentyabr 2022
logo
“Heç kim dövlətin diqqətindən kənarda qalmır”

“Heç kim dövlətin diqqətindən kənarda qalmır”

Tural İsmayılov: “Dövlət başçısının səyləri ilə bu gün ölkədə geniş sosial islahatlar həyata keçirilir”

Turan Rzayev: “Prezidentin şəhid ailələri, qazilərə göstərdiyi qayğı bir çox məmurlara örnək olmalıdır”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb.
44 günlük Vətən Müharibəsi ilə yanaşı, Birinci Qarabağ müharibəsinin iştirakçılarına da dövlət qayğısının göstərilməsi vacib amildir.
Məsələ ilə bağlı ekspertlər fikirlərini “Xalq Cəbhəsi”nə bölüşüblər.
Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, politoloq Tural İsmayılov “Xalq Cəbhəsi”nə bildirib ki, Birinci Qarabağ Savaşında zərər görən vətəndaşlarımız dövlətin dəstəyini daim hiss edirlər: “Dövlət rəhbəri, cənab ali baş komandan daim qazilərə, veteranlara, həssas təbəqədən olan insanlara qayğının vacibliyini vurğulayıb. Məhz dövlət başçısının səyləri ilə bu gün ölkədə geniş sosial islahatlar həyata keçirilir. Bu islahatlar həm dövlətin sosial sahədə nə qədər diqqətli yanaşma ortaya qoymağının, həm də ölkəmizin ərazi bütövlüyü üçün sağlamlığını itirən insanlarımıza olan sayğının göstəricisidir. Bu gün təkcə 44 günlük Vətən Müharibəsində döyüşən vətəndaşlarımız dövlətin qayğısı ilə əhatələnməyibdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb. İlk olaraq sənədləri e-sistemdə olan 11 minədək müharibə əlilinə proaktiv qaydada ödəmə təyin olunaraq bank hesablarına köçürülüb. Bu dəstəyin bir çox komponentləri mövcuddur. Əvvəla nəzərə almaq lazımdır ki, Birinci Qarabağ Savaşında sağlamlığı zərər görən insanlarımız bu gün bizim rahat yaşamağımız üçün vuruşublar. Cənab Prezident tərəfindən bu gün onlara belə yüksək qayğının göstərilməsi həmin qəbildən olan vətəndaşlarımızda ruh yüksəkliyinə səbəb olur. Həmçinin, bu dəstək xalq-iqtidar birliyinin növbəti təzahürlərindən biridir”.

“Azərbaycan regionda islahatların çevikliyinə görə digər dövlətlərdən xeyli öndədir”

Ekspert bildirib ki, Azərbaycan sosial dövlət kimi regionda islahatların çevikliyi və sürətinə görə digər dövlətlərdən xeyli öndədir: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqladığı rəsmi məlumatlarda da görünür ki, 44 günlük Vətən müharibəsi iştirakçılarına "Müharibə veteranı" adı verilərək Prezidentin aylıq təqaüdü təyin olunub. Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı 5 dəfə genişlənib. 2021-ci ildə şəhid ailələri və müharibə əlillərin 3 il əvvələ nisbətən 5 dəfə çox olmaqla 3 min mənzil və fərdi evin verilməsi proqramı icra olunub. 44 günlük Vətən müharibəsindən sonra 3600, ümumiyyətlə ötən dövrdə 12500-dən çox mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə verilib. Növbəti iki ayda daha 500 mənzil və fərdi ev onlara veriləcək. Son 4 ildə də 1500-dək, postmüharibə dövründə 264 nəfər, 2022-ci ilin ilk yarımilində 100 nəfər, ümumilikdə ötən dövrdə 7450 nəfər müharibə əlilinə minik avtomobili verilib. Reabilitasiya müəssisələri son 4 ildə müasir tələblərə uyğun qurulub, qazilərin reabilitasiyası üçün müasir şərait yaradılıb. Postmüharibə dövründə də 1456 müharibə əlilinə 21 min reabilitasiya vasitəsi verilib, 5 min ailə sosial-psixoloji, 2506 qazimiz reabilitasiya xidmətləri ilə təmin edilib. Nəticədə biz göürürük ki, bu sahədə ölkəmiz xeyli işlər görür. Eyni zamanda müharibə iştirakçılarına dəstək cəmiyyətdə də müsbət əhval-ruhiyyə yaradır”.

“Heç kəs yaddan çıxmır”

Politoloq Turan Rzayev isə bizimlə söhbətində diqqətə çatdırıb ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlilərinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Onun sözlərinə görə, bu gün də biz bunun əyani şahidi oluruq: “Təsadüfi deyil ki, dünəndən etibarən Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısını əks etdirən növbəti sosial dəstək proqramına Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanıldı.
Belə ki, I dərəcə əlilliyə görə - 8 800 manat, II dərəcə əlilliyə görə - 6 600 manat, III dərəcə əlilliyə görə - 4 400 manat ödəniləcəyi açıqlandı. Artıq bu barədə, habelə ödəməni hansı bankdan alacağına dair həmin şəxslərə SMS göndərilir.
Hesab edirəm bu halın özü belə görülən işlərin şəffaflığından xəbər verir. Yəni ödəmələrin bank kartları vasitəsilə ödənilməsi, eyni zamanda vətəndaşlara ödəmələrin SMS vasitəsi ilə xəbər verilməsi bu sahədə görülən innovativ yeniliklərdən xəbər verir. Bununla artıq həm vətəndaşların get-gələ salınması, həm də digər neqativ halların qarşısı alınmış olur. Asan, qısa zamanda vətəndaşlara əlillərinə birdəfəlik ödəmələrin ala bilir.
Ölkə başçısının bu addımı həm də onu göstərir ki, yalnız 44 günlük Vətən müharibəsi deyil, Birinci Qarabağ müharibəsinin iştirakçılarına da dövlət qayğısı göstərilir. Yəni “Heç kəs yaddan çıxmır”.
Bu vaxta qədər belə vətəndaşlara 6654 mənzil, 6144 avtomobil, o cümlədən ötən il isə 626 mənzil verilib. Bu il həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur. Şəhid ailələrinə və müharibə əlillərinə, milli qəhrəmanlara verilən prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Bununla da şəhid ailələrinin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən hər zaman böyük rəğbət və məmnunluqla qarşılanıb.
Əlbəttə müəyyən problemlər də var və bu danılmazdır. Lakin əsas olan odur ki, problemlər bu gün həll edilir, bu istiqamətdə işlər görülür. Xüsusilə ölkə başçısının bu istiqamətdə gördüyü işlər təqdirəlayiqdir. Eyni zamanda prezidentin şəhid ailələri, qazilərə göstərdiyi hörmət, qayğı, ehtiram bir çox məmurlara örnək olmalı, onları bu məsələdə daha aktivləşdirməlidir”.

Əli Zülfüqaroğlu